“Radaa” Ərəb mənşəli söz olub, tərcümədə “anasını əmmək”, istilahi mənada isə süd qardaşlığını ifadə edir.
Körpənin doğma anasından başqa bir qadın tərəfindən əmizdirilməsinə dair məlumat istər Qurani Kərimdə, istərsə də Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) səhih Sünnəsində kifayət qədər yer verilmişdir. İslam cəmiyyətinin təbii tərkib hissəsi olan bu proses qohumluq əlaqələrinin, məhrəm – naməhrəm münasibətlərinin tənzimlənməsində, fiqhi qaydaların təyinində olduqca əhəmiyyətlidir.
Lakin Şəriət prizmasından körpənin başqa qadın tərəfindən əmizdirilməsinin süd qohumluğunu əmələ gətirməsi üçün iki şərtin gözlənilməsi vacibdir:
1. Əmizdirmə uşağın həyatının ilk iki ili ərzində həyata keçirilməlidir. İslamda iz qoymuş hədis alimi Buxari də özünün “Səhih” kitabında bu barədə bəhs edən hədisləri “İki yaşdan sonra əmizdirmə yoxdur” başlığı altında cəm etmişdir. Çünki Uca Allah buyurmuşdur: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,)əmizdirməni tamamlamaq istəyənlər üçündür”. (əl- Bəqərə surəsi, 233)
2. Körpənin başqa qadın tərəfindən əmizdirilməsi beş və daha artıq sayda həyata keçirilməlidir. Ümmü Fadl (Allah ondan razı olsun) bildirir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bir və iki dəfə əmizdirmək (evlənməyi) haram etməz”. [1] Digər hədisdə Aişə (Allah ondan razı olsun) belə deyir: “Qurandan ən əvvəl nazil olan on dəfə əmizdirməyi haram edərdi. Sonra isə beş dəfə ilə nəsx (hökmü ləğv) olundu.” [2]
İbn Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət etsin) buyurur: “Bir tam əmizdirmə körpənin öz istəyi ilə əmməyə başlamasından (öz istəyi ilə) döşü buraxmasınadək davam edən müddəti əhatə edir. Uşağın nəfəsini dərmək üçün yaxud diqqətinin yayınması səbəbi ilə döşdən ayırılıb, daha sonra dərhal əmməyə davam etməsi də say etibarilə bir əmizdirmənin tərkib hissəsi kimi dəyərləndirilir. Bu, böyük İslam alimi Muhamməd ibn İdris ibn Şafiinin (Allah ona rəhmət etsin) rəyidir. Həmçinin bir döşü əmdikdən sonra dərhal ikinci döşü sormağa başlaması da anoloji formada qiymətləndirilir”. [3]
Bu barədə İbn Qudamə (Allah ona rəhmət etsin) əmizdirmə sayında şübhə olduğu təqdirdə bunun konkret fakt kimi qiymətləndirilmədiyini və süd qohumluğunun yaranmasına zəmin yaratmadığını bildirmişdir. [4]
Onu da qeyd etmək lazımdır ki, südün qadından sağılaraq, şüşə, plastik qab və ya digər alternativ üsullarla yaxud ənənəvi yolla körpə tərəfindən qəbul edilməsi fiqhi nöqteyi-nəzərdən eyni hökmdədir.
Bəs süd kimləri bir – birinə qohum edir və evlənməkləri üçün maneə yaradır? Bu barədə Qurani Kərimdə buyurulur: “Sizi əmizdirən süd analarınız, süd bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, -yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, -öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi”. (ən-Nisa surəsi, 23)
Eləcə də Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Qan yolu ilə haram olan süd yolu ilə dəharamdır.” [5]
Həmçinin bilmək lazımdır ki, əmizdirən qadının südü ərinin mənisi (sperması) etibarilə əmələ gəldiyindən alimlər tərəfindən “südün sahibi” adlandırılmış həmin kişi də birbaşa olaraq süd atasına çevrilir. Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) Aişənin (Allah ondan razı olsun) yanına süd əmisinin gəlməsinə izin verməsinə dair hədis buna dəlildir. [6]
Bütün bunlara əsaslanaraq Abd al-Aziz ibn Baaz (Allah ona rəhmət etsin) bildirmişdir: “Əgər körpə başqa bir qadın tərəfindən həyatının ilk iki ili ərzində beş və daha artıq sayda əmizdirilirsə, həmin uşaq onun və südün sahibi olan ərinin süd oğlu, yaxud qızına, onların öz yaxud başqa həyat yoldaşlarından olan övladlarının isə süd bacı, yaxud qardaşına çevrilir. Eləcə də əmizdirən qadın və südün sahibi olan ərinin ata və anaları, qardaş və bacıları körpənin müvafiq olaraq süd nənə, baba, əmi, dayı, bibi və xalalarına çevrilir”. [7]
Qeyd etmək lazımdır ki, Şəriət nöqteyi nəzərindən süd ata və ananın əmizdirilən körpədən əvvəl, yaxud sonra doğulmasından asılı olmayaraq bütün uşaqları həmin körpənin süd bacı və qardaşları kimi qiymətləndirilir. [8]
Aktual məsələlərdən biri də doğum evləri, süd bankları kimi müəssisələrdə müxtəlif anaların südünün qarışdırılaraq laktasiya ilə bağlı problem yaşayan digər qadınların körpələrinə verilməsidir. Muhamməd ibn Salih əl-Useymindən(Allah ona rəhmət etsin) Amerika Birləşmiş Ştatlarında təsis olunan süd banklarında əmizdirən anaların südünün sağılaraq satın alınmasının, sonra isə bu südün laktasiya problemi yaşayan qadınlara satılmasının icazəli olub-olmadığı soruşulduqda böyük alimin cavabı belə olmuşdur: “Belə müəssisələrin fəaliyyəti müxtəlif qadınların südünün qarışması etibarilə süd valideynlərinin kimliyinin bilinməməsinə gətirdiyi üçün qadağandır. Bu da İslam nöqteyi nəzərindən gələcəkdə qız, yaxud oğlanın qan qohumu ilə eyni dəyərləndirilən süd qohumluğu ilə məhrəmləşən kəslə ailə qurmasına gətirib çıxara bilər. Lakin həmin banklarda insan istisna olmaqla, digər mənşəli südün alqı-satqısı həyata keçirilirsə, bunda bir problem yoxdur”.
Müəllif: Həcər Abbasova
Mənbə: “İlahi nemət-ana südü”, www.feqih.com
[1] Muslim
[2] Buxari, Muslim
[3] “Zad əl-Məad”, 5/575
[4] “Əl-Müğni”, 11/312
[5] Buxari, Muslim
[6] Muslim
[7]Fətəva İslamiyyə, 3/333
[8] Məcmu əl-Fətəva, 24/31-32
Saglamolun.Az