Suda boğulanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün zərərçəkənlə bərabər xilasedən də bata bilər.
Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır.
Batan şəxsin üzü mütləq suyun səthindən yuxarıda olmalıdır.
Saglamolun.az suda boğulma zamanı ilk yardım qaydalarını təqdim edir:
- dərhal “təcili yardım” çağırmaq;
- tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;
- cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunları və digər yad cisimlərdən təmizləyin;
- sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
- əlinizlə onun kürəkləri arasındakı sahəyə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;
- sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın;
- əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da icra edin (bax, saytın "İlk tibbi yardım" bölməsində “Ürəyin xarici masajı” və “Süni tənəffüs”). Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.
Əgər zərərçəkən huşunu itirməyibsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa belə, o mütləq həkim tərəfindən müayinə olunmalıdır.
Bütün bədbəxt hadisələrdə olduğu kimi, suda boğulmadan qorunmağın ən yaxşı üsulu onun profilaktikasıdır. Uşaqlardan söhbət getdiyi halda bu daha aktualdır! Kiçik uşaqları heç zaman su ilə doldurulmuş vannada təkbaşına qoymayın, hovuzda, dənizdə çimərkən onlara daim nəzarət edin!
Saglamolun.Az