Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə
“Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirildi
10 sentyabr 2025-ci il tarixində Bakı şəhərində, Qafqaz Sahil mehmanxanasının konfrans zalında Özəl Tibb Müəssisələri Assosasiyası (ÖTMA) Azərbayan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.
İctimai müzakirədə AR Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, TƏBİB, İTSDA nümayəndələri, ÖTMA üzvləri, ixtisaslaşmış QHT-lər iştirak ediblər.
İctimai müzakirəni ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva açaraq tədbirin əhəmiyyətini vurğulayıb. Açılışda həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva və Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev çıxış edərək qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığına vurduğu təhlükələrdən və mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərdən barədə fikirlərini bölüşüblər.
AR Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev “Qanunsuz tibb fəaliyyəti halları və bu hallara qarşı həyata keçirilən tədbirlər” mövzusunda məruzə edib. O, Nazirlik tərəfindən görülən tədbirlər, daxil olan pasiyent şikayətləri və mövcud praktiki keyslər barədə məlumat verib, qarşıda duran vəzifələr və tövsiyələri iştirakçılarla bölüşüb.
Müzakirənin hüquqi aspektləri üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Zamir Paşayev və ÖTMA hüquqşünası Elxan Əzizov çıxış ediblər. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci maddəsinin tətbiqi, qanunsuz tibbi fəaliyyətin cinayət məsuliyyəti ilə nəticələnməsi və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi məsələlərinə toxunublar.
Daha sonra ÖTMA Baş katibi Vüqar Eyvazovun modetarolruğu ilə sual-cavab və açıq müzakirə sessiyası keçirilib. Burada iştirakçılar qanunsuz tibbi fəaliyyətin qarşısının alınması yolları, dövlət nəzarəti mexanizmləri, pasiyentlərin məlumatlılığının artırılması və maarifləndirmə kampaniyalarının əhəmiyyəti barədə fikir və təkliflərini səsləndiriblər.
İctimai müzakirənin yekununda aşağıdakı qanunsuz tibbi fəaliyyətlə mübarizədə dövlət nəzarətinin, ictimai qınağın gücləndirilməsi, pasiyentlərin hüquq və vəzifələri barədə maarifləndirmə işlərinin genişləndirilməsi, dövlət qurumları, özəl tibb müəssisələri, hüquq mühafizə orqanları, həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və media arasında əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.
QANUNSUZ TİBB FƏALİYYƏTİNƏ QARŞI MÜBARİZƏ - VİDEO
Tədbirin sonunda ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, təkliflər ümumiləşdiriləcək və aidiyyatı üzrə dövlət qurumlarına, digər maraqlı tərəflərə təqdim olunacaq. ÖTMA qarşıda bu istiqamətdə fəal işləməyə davam edəcək və səylərin əlaqləndirilməsi birgə təşəbbüslər irəli sürəcək.
📍 Ünvan: Bakı şəhəri, Xətai rayonu, 1188 məhəllə, Sabit Orucov küç., 17C
📞 Tel: (+994) 70 316 94 10
📩 E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
🌐 Veb: www.otma.az
Saglamolun.Az