Yaddaşsız adamlar kəndi

“XOQEVEYK” 27 EVDƏN İBARƏTDİR


Niderlandda yaşlı insanlar, xüsusilə demensiya və Altsheymer xəstəliyindən əziyyət çəkənlər üçün yaradılmış “Xoqeveyk” adlı innovativ kənd modeli dünya miqyasında böyük maraq doğurub. 2009-cu ildə istifadəyə verilən bu xüsusi yaşayış kompleksi adi qocalar evi deyil, klassik kənd və ya şəhər məhəlləsini xatırladır.

Burada küçələr, parklar, mağazalar, restoranlar, teatr və sosial məkanlar mövcuddur. Layihənin əsas məqsədi xəstələrə mümkün qədər normal və mənalı həyat yaşatmaqdır.


Xoqeveyk 16 min kvadratmetrdən çox ərazini əhatə edir və 27 evdən ibarətdir. Hazırda burada ağır demensiya xəstəliyindən əziyyət çəkən təxminən 180 yaşlı insan yaşayır. Onlara 250-yə yaxın peşəkar tibb və qayğı işçisi 24 saat xidmət göstərir. Maraqlısı odur ki, personal tibbi xalat geyinmir və gündəlik həyatın bir hissəsi kimi fəaliyyət göstərir.


Mütəxəssislər bildirib ki, bu model yaşlıların psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir: onlar daha az dərman qəbul edir, sosial fəallıqları artır və həyat keyfiyyətləri yüksəlir.

 

Saglamolun.Az