Kosmosda kəpənək yetişdirilib

İLK DƏFƏ


Çinli alimlər kosmosda canlı orqanizmlərin inkişafının mümkünlüyünü sübut edən maraqlı eksperiment həyata keçirib. Çunsin Universitetinin tədqiqatçıları Yer orbitində yerləşən kosmik modulda uğurla kəpənək yetişdirib. Bu barədə “People Daily Online” nəşri məlumat yayıb.
Məlumata görə, kəpənəyin pupası raket ilə orbitə göndərilən xüsusi eksperimental kapsula yerləşdirilib. Təxminən 8,3 kiloqram çəkisi olan modul qapalı mini-ekosistem prinsipi ilə işləyir və içəridə lazımi təzyiq, temperatur və rütubət qorunub saxlanılıb.


Eksperiment nəticəsində kəpənək kosmos şəraitində pupadan çıxaraq normal şəkildə inkişaf edib. Modulun daxilində çəkilən görüntülərdə kəpənəyin yarpaqlar üzərində dincəldiyi və mikroqravitasiya şəraitində qanad çırpdığı müşahidə olunub.
Alimlər bildirib ki, bu nailiyyət təkcə bir həşəratın kosmosda mövcudluğu deyil, gələcəkdə uzunmüddətli kosmik missiyalar üçün mürəkkəb həyat təminatı sistemlərinin yaradılması baxımından mühüm addımdır.

Saglamolun.Az