Düz bağırsağın sallanması kiçik yaşlı uşaqlara xas olan haldır. Buna səbəb qəbizlik və ya ishal olur.
Digər bir tərəfdən də uşağın uzun müddət ərzində güvəcdə (“qorşokda”) oturması (buna qəti şəkildə yol vermək olmaz) da düz bağırsağın sallanmasına gətirib çıxara bilər. Adətən, bu patologiya zəifləmiş, distrofik uşaqlarda müşahidə olunur.
Xəstəliyin əlamətləri - defekasiya aktının sonunda arxa dəlikdən düz bağırsağın al-qırmızı selikli qişası xaricə çıxır. Başlanğıc etapda düz bağırsağın kiçik bir hissəsi sallanmış olur. Bunu ana özü də çətinlik çəkmədən içəri sala bilir. Sonralar isə silindr formasında olan bütün düz bağırsaq xaricə çıxır. Belə sallanmanı həkim yardımı olmadan düzəltmək mümkün olmur.
İçəri salınmamış düz bağırsaq qanayır, üzərində eroziya və xoralar və s. dəyişikliklər əmələ gəlir ki, bu da uşağın sağlamlığı və həyatı üçün ağır hesab edilən fəsadlara səbəb ola bilər. Düz bağırsağın sallanmasını ilk dəfə aşkar edən kimi, uşağı mütləq qastroenteroloqa göstərmək lazımdır.
Düz bağırsağın sallanmasının əsas müalicə prinsipi ona səbəb olan faktorların kənar edilməsindən ibarətdir. Müalicə effekt verməsə, cərrahi əməliyyat aparılır.
Saglamolun.Az