Şokolad qan artırmır – UŞAQLARA QƏTİYYƏN VERMƏYİN

 

“Qan azlığının səbəbi B12 və ya dəmir çatışmazlığıdırsa, qaraciyər, qırmızı ət, yumurta, balıq və keyfiyyətli toyuq əti ilə qidalanma vacibdir. Çünki heyvani qidalarda olan olan dəmir ikivalentlidir. Buna görə də dəmirin bağırsaqdan qana keçməsi daha tez baş verir. Amma bitki mənşəli qidalarda olan dəmir üçvalentlidir və bağırsaqdan qana ötürülməsi ləng və daha çətin olur”.

Bunu Medical Media-ya açıqlamasında uzman pediatr Kamil Şərifov deyib.

Həkim bildirib ki, təbii ki, bitki mənşəli qidalar da olduqca vacibdir. Bu qidalarda olan vitaminləri də almaq mütləqdir. Amma mütləq protein, zülallar, yağlar və vitamin nisbəti düzgün şəkildə qəbul edilməlidir.

Pediatrın sözlərinə görə, bəzi valideynlər uşağa hansısa qidanı tamamilə qadağan edirlər. Bu heç düzgün deyil. Çünki uşağın inkişafı üçün bütün vitaminlər lazımdır. Məsələn, uşağın beyninin inkişafı üçün yağa da, karbohidrata da, proteinə də ehtiyac var.

Həkim onu da vurğulayıb ki, şokoladın qan artırması fikri də yanlışdır. Uşaqlara kofeinlə zəngin qidanın verilməsi düzgün deyil. Şokoladda olan vitaminləri daha sağlıqlı qidadan almaq mümkündür. Ona görə də qan azlığı olan uşaqlara şokolad vermək tövsiyə edilmir.

Sevinc Hüseynova

Saglamolun.Az