Osteoxondroz nədir?

Osteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur.

Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə - kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir.

Həkimlər təəssüflə qeyd edirlər ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər – xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur.

Bəli, insanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

Xəstəliyin mahiyyətini başa düşmək üçün fəqərə sütununu quruluşu ilə tanış olaq. O, 32 fəqərədən ibarətdir. Müxtəlif formalı və ölçülü 7 boyun, 12 döş və 5 bel fəqərələrinin hər biri yuxarıdakı və aşağıdakı fəqərələrlə oynaq çıxıntıları vasitəsi ilə birləşir. Bu fəqərələrin birləşmələri hərəkətlidir, aralarında isə amortizator rolunu oynayan elastik qığırdaqlar - fəqərəarası disklər yerləşir. Disklərin bu xüsusiyyəti onların quruluşu ilə bağlıdır – hər diskin mərkəzində jeleyə bənzər maddədən ibarət pulpoz nüvə yerləşir. Fəqərə sütununun belə quruluşu bədənimizi müxtəlif tərəflərə çevirməyə, əyməyə və s. imkan verir.

5 oma fəqərəsi isə biri digərinə bitişərək üzərinə böyük ağırlıq qəbul etməyə qadir olan vahid sümük təşkil edirlər. Fəqərə sütununun son hissəsi 3 birləşmiş kiçik fəqərədən ibarət olan büzdümdür.

Fəqərəarası diskin jeleyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, diskin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyinin əsasını təşkil edir. Osteoxondrozun inkişafı ilə bu proseslər də dərinləşir və hətta fəqərələrin özü də deformasiyaya uğrayır.

Fəqərə sütununun daha bir əhəmiyyətli funksiyasını qeyd edək – hər bir fəqərənin dəliyi digər fəqərənin üstündə yerləşərək fəqərə sütunu boyunca uzanan fəqərə kanalını təşkil edir ki, həmin kanalda olduqca mühüm bir orqan – onurğa beyini yerləşir. Onurğa beyinindən çıxan sinirlər fəqərələrin aralarından keçərək daxili orqanlara, əzələlərə və s. dək uzanır və onların fəaliyyətində, hissiyat funksiyalarında mühüm rol oynayırlar. Fəqərəarası diskin elastikliyinin itməsi, nazilməsi və ya diskin dağılması səbəbilə jeleyəbənzər nüvənin yırtıq şəklində çıxması həmin sinirlərdən birinin və ya bir neçəsinin sıxılmasına və nəticədə bədənin müxtəlif nahiyələrində və orqanlarında ağrılara, orqanlarının fəaliyyətinin pozğunluğuna gətirib çıxarır.

Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır.

Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Bəzən əllərin və hətta dilin keyləşməsi və soyuq olması hissi, səsin yoğunlaşması qeyd edilir. Döş nahiyyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər.

Fəqərə sütununun döş hissəsinin osteoxondrozu zamanı ürək, qara ciyər, mədə nahiyyəsində ağrılar, bəzən cinsi zəyiflik (kişilərdə impotensiya) qeyd olunur. Ən çox yayılmış bel hissəsinin osteoxondrozu zamanı isə bel nahiyyəsində və aşağı ətraflarda güclü ağrılar, ayağın keyiməsi, “soyuması” və bəzən hətta arıqlaması müşahidə olunur.

Vaxtında müalicə olunmadıqda osteoxondroz ətrafların parez və iflicinə gətirib çıxara bilər.

Osteoxondrozun əsas risk amilləri (əmələ gəlmə səbəbləri) aşağıdakılardır:

- İrsiyyət. Osteoxondroza meyillilik irsi xarakter daşısa da, nəslində küllü osteoxondroz halları olan insanlarda bu xəstəliyin əmələ gəlməsi mütləq deyil. Burada osteoxondrozun profilaktikası da əhəmiyyətli yer tutur.

- Fəqərə sütununda yaşla bağlı dəyişikliklər.

- Fiziki fəallığın azlığı. Fəqərəarası disklərin damarları olmur – disk qidalandırıcı maddələri və oksigeni ətraf toxumalardan alır. Belə halda, daha fəal insanlarda həmin toxumalarda qan dövranı və nəticə olaraq disklərin qidalanma prosesi də daha fəal gedir.

Hərəkət azlığının daha bir mənfi nəticəsi kürək və bel əzələlərinin zəyifləməsidir. Belə halda bir sıra hərəkətlər, məsələn, ağır əşyaların qaldırılması zamanı əsas yük fəqərə sütununun üzərinə düşür.

- Həddən artıq fiziki gərginlik. Hərəkət azlığı kimi bu amil də ziyanvericidir – ağır əşyaları qaldırmaq və ya daşımaq, kəskin hərəkətlər, cəld və ya tez-tez edilən əyilmələr, idmançılara xas olan artıq fiziki gərginlik də fəqərə sütununa mənfi təsir göstərir.

- Uzun müddət oturaq vəziyyətdə və ya ayaq üstə qalmaq (məsələn, idarə və ofis işçilərinin, satıcıların əmək şəraiti kimi).

- Tez-tez soyuqlamalar, soyuq və rütubətli otaqlarda qalmaq və ya işləmək.

- Artıq çəki fəqərə sütununa düşən yükün artması və osteoxondrozun inkişafı amillərindəndir. Bud, bel, qarın nahiyyəsində olan artıq piy xüsusən zərərlidir.

Osteoxondrozun profilaktikasını uşaqlıqdan başlamaq lazımdır.

- Profilaktikanın ən vacib amillərindən biri düzgün qamətdir. Buna ciddi diqqət verməli, onurğanı düz tutmalı, çiyinləri irəliyə doğru bükməməli, əksinə arxaya doğru açmalıyıq.

- Mütəmadi fiziki aktivlik da vacib müsbət amillərdəndir. Lakin ifrat dərəcədə fiziki gərginlik, ağır məşqlər, o cümlədən əzələ kütləsinin artırılmasına yönəlmiş bir sıra çalışmalar fəqərə sütunu üçün olduqca ziyanlıdır.

- Onurğa sütunu üçün ən xeyirli fiziki hərəkət turnikdə sallanmaqdır. Bunu hər gün  etmək lazımdır.

- Ağır yükləri qaldırmaq və daşımaq da fəqərə sütununa mənfi təsir göstərir. Əgər hər hansı ağır əşyanı qaldırmalı olsanız belə, onu yerdən əyilərək qaldırmayın! Dizlərinizi bükərək “sallağı” oturun və belinizi düz tutaraq ağır əşyanı qaldırın. Belə halda fəqərə sütunu daha az yüklənir.

- Ev işləri görərkən qadınlar mümkün qədər az əyilməli və bu vəziyyətdə mümkün qədər az işləməlidirlər.

- Özünüzü yelçəkəndən və soyuqlamadan qoruyun.

- Orqanizmin susuzlaşmasına yol verməyin. Fəqərəarası disklərin sağlamlığı üçün maye olduqca vacibdir.

- Yazı stolu arxasında və ya kompyuterdə işləyirsinizsə, hər 30-45 dəqiqədən bir qalxaraq yüngül çalışmalar edin – gəzişin, bədənin açılışması üçün hərəkətlər edin.

- Osteoxondrozun ilk əlamətləri baş verdikdə dərhal həkimə müraciət edin.

Fəqərə sütununun ən informativ müayinə növü maqnit rezonans tomoqrafiyasıdır (MRT). Bu müayinə həkim tərəfindən təyin edilir və fəqərə sütununun vəziyyətində incə dəyişikliklər haqqında dəqiq məlumat verir.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика