İnsult zamanı zaman həlledici amildir. Pasiyent tibbi yardıma daha gec çatdırılsaydı, beyin toxumasında geri dönməz zədələnmə və ağır əlillik riski yarana bilərdi.
Bu barrədə SAF Hospitalın invaziv radioloqu, həkim Ruslan Əliyev danışıb. Həkim bildirib ki, ağır insult keçirən 60 yaşlı pasiyentin həyatını xilas etmək üçün təcili müdaxilə edilib.
Bir həftə əvvəl xəstəxanaya müraciət edən pasiyentin müayinələri zamanı beyni qanla təmin edən hər iki şah damarda ciddi daralma (stenoz) aşkarlanıb. Xəstənin anamnezində əvvəllər təkrarlanan işemik insult epizodları, şəkərli diabet və ürək-damar xəstəlikləri olub. Həmçinin, pasiyent daha əvvəl aorta qapağının protezlə əvəzlənməsi əməliyyatı keçirib.
Planlaşdırılan müdaxilədən əvvəl xəstənin vəziyyəti qəfil ağırlaşıb. O, yenidən insult keçirib və danışıq qabiliyyətini itirib. Aparılan təcili müayinələr nəticəsində şah damarın daxili seqmentində kritik stenoz və tromb müəyyən edilib.
Vəziyyətin təxirəsalınmaz olduğunu nəzərə alan həkimlər xəstəni dərhal əməliyyata götürüblər. Təcili şəkildə trombun aspirasiyası və damar daxilinə stent yerləşdirilməsi əməliyyatı icra olunub. Müdaxilədən sonra pasiyentin vəziyyətində nəzərəçarpacaq yaxşılaşma müşahidə edilib.
Hazırda xəstənin vəziyyəti stabildir. O, reanimasiya şöbəsindən palataya köçürülüb. Həkimlərin sözlərinə görə, vəziyyəti qənaətbəxş olduğu halda yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.
Həkim Ruslan Əliyev xüsusilə şəkərli diabet, ürək-damar xəstəlikləri və digər risk faktorları olan şəxslərə şah damarlarının müayinəsini tövsiyə edib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslər ildə ən azı bir dəfə Doppler müayinəsindən keçməlidirlər.
Günel İbadova
Saglaolun.az
Saglamolun.Az



















