Pendirli kökə

Pendir ən dadlı və faydalı süd məhsullarından biridir.

Pendirin tərkibində insan orqanizminə lazım olan bir çox maddələr var. Bu maddələrin arasında: zülallar, süd yağı, mineral maddələr, vitaminlər və s. Pendirin tərkibində olan zülal süddə olan zülalla müqayisədə orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Pendir kalsium və fosfor kimi vacib maddələrlə zəngindir. Bu maddələr bizim sümüklərimizin, dişlərimizin, saçlarımızın sağlamlığı üçün olduqca vacibdir. Hamilə qadınların və uşaqların kalsiuma olan təlabatı daha çox olur. Bu səbəbdən bu qrup insanlar mütləq hər gün bir neçə tikə pendir yeməlidir.

Bundan əlavə pendir sink, yod, selen, dəmir, mis, kalium kimi elementlərlə zəngindir. Pendirin tərkibində A, B qrupu, C, D, E, PP kimi vitaminlər də var.

Pendir iştah artırır, həzm proseslərinə çox müsbət təsir edir. Məhz bu səbəbdən bir çox ölkələrdə pendir qida qəbulu zamanı və ya qida qəbulundan sonra masaya verilir.

Pendirli kökə çox dadlı qəlyanaltıdır. Bu kökə 15-20 dəqiqə ərzində bişirilir. Kökə səhər yeməyi və ya nahar zamanı masaya verilə bilər.

Lazım olan məhsullar:

- qatıq - 1 stəkan (turş olmamalıdır)

- pendir - 200 qr (holland pendiri kimi pendirlərdən istifadə edin)

- soda - bıcağın ucunda

- duz və istiot - zövqə görə

- un - 1,5 - 2 stəkan

Hazırlanma:

1. Enli qaba qatıq tökün, üzərinə soda əlavə edin və qarışdırın. Daha sonra qaba  sürtgəcin iri gözündən keçirilmiş pendir əlavə edin və yenə yaxşı qarışdırın.

2. Daha sonra ələnmiş un, duz və istiot əlavə edin və yaxşı qarışdırın. Xəmir kifayət qədər qatı olmalıdır.

3. Qızdırılmış tavaya bir qədər zeytun yağı tökün. Daha sonra xəmiri tavaya tökün və qapağın altında bişirin.

4. Kökənin altı qızardıqdan sonra onu ehtiyatla o biri tərəfinə və qızardın.

Nuş olsun!

Mənbə: www.hozoboz.com

Saglamolun.Az