ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI TƏSDİQLƏDİ

Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın şərqində yerləşən ştatlardan birində nadir və son dərəcə təhlükəli Nipah virusuna 2 yoluxma halının qeydə alındığını açıqlayıb. Yüksək ölüm faizi ilə seçilən bu virus ilk dəfə Malayziyada aşkar edilib və qızılca ilə eyni virus ailəsinə aiddir. Yoluxma əsasən yarasalar və donuzlar vasitəsilə, eləcə də çiy xurma şirəsi kimi çirklənmiş qida məhsullarının qəbulu zamanı baş verir.
Nipah virusu insandan insana da ötürülə bilər, lakin bu yalnız çox yaxın təmas zamanı mümkündür. Xəstəliyin əlamətləri adətən 4–14 gün ərzində ortaya çıxır və hərarət, baş ağrısı, əzələ ağrıları, qusma və boğaz ağrısı ilə başlayır. Halların böyük hissəsində xəstəlik sürətlə ağırlaşaraq beyin iltihabına və komaya səbəb ola bilir.
Virusun spesifik müalicəsi və ya peyvəndi yoxdur, müalicə əsasən dəstəkləyici tibbi yardımdan ibarətdir. Mütəxəssislər yoluxmanın qarşısının alınmasını əsas tədbir kimi qiymətləndirir. Nipah virusu əsasən Banqladeş, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində rast gəlinir və dünyada olduqca nadir hesab olunur.
Saglamolun.Az



















