NƏHAYƏT ELMİ CAVAB
Böyük Britaniyada aparılan və “The Lancet” jurnalında dərc olunan nəhəng klinik sınaq – TIME (Treatment in Morning versus Evening) – hipertoniya xəstələrinin ən çox verdiyi suallardan birinə aydınlıq gətirib: təzyiq dərmanını səhər içmək daha yaxşıdır, yoxsa axşam?
Tədqiqatda 21 mindən çox hipertoniya xəstəsi iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb: biri səhər, digəri isə axşam dərman qəbul edib. Onlar illərlə izlənilib və ürək tutması, insult və ölüm halları müqayisə olunub.
Nəticə gözlənildiyi kimi sadə olmayıb: axşam qəbulun səhərdən əhəmiyyətli üstünlüyü aşkarlanmayıb. Yəni kardiovaskulyar hadisələrin tezliyi hər iki qrupda eyni səviyyədə olub. Bu, illərdir aparılan “axşam qəbul daha yaxşı qoruyur” iddialarına ciddi cavab sayılır.
Alimlər qeyd edirlər ki, bəzi xəstələrdə axşam qəbul qan təzyiqinin gecə nəzarətini yaxşılaşdıra bilər, lakin bu, hamıya aid deyil. Üstəlik, sidikqovucu tərkibli dərmanların axşam qəbul edilməsi yuxu pozğunluğuna səbəb ola bilər.
Araşdırmanı aparan “University of Dundee” və bir neçə britaniyalı klinik mərkəzin alimləri vurğulayıb ki, əsas məsələ dərmanı vaxtında və mütəmadi qəbul etməkdir. Qəbul saatını isə həkimlə birgə, şəxsi həyat tərzinə və dərmanın növünə uyğun müəyyənləşdirmək lazımdır.
Saglamolun.Az