Enurez (qeyri-iradi sidik ifrazı)

Enurez - qeyri-iradi sidik ifrazıdır və 3 yaşa qədər uşaqlarda bu, normal hal sayılır.

Sidik ifrazı zamanı (sidiyəgetmə) sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdırlar. Bütün proses sinir sistemi tərəfindən avtomatik olaraq tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir.

3 yaşa qədər uşaqların sinir sistemi bu prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu proses avtomatik şəkildə, qeyri-iradi olaraq baş verir. Yəni, sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir.

3 yaşından sonra uşaqlarda sinir sistemi inkişaf edərək, artıq bu prosesə şüurlu şəkildə nəzarət etmək iqtidarında olur. Bu dövrdən etibarən sidik kisəsi dolduqda, uşaqda sidiyə getmək istəyi yaransa da, o artıq avtomatik olaraq həmin an sidiyə getmir, bunun üçün tələb olunan şəraiti (yəni ona güvəc verilənə qədər) gözləyərək, sidiyini saxlaya bilir. 3 yaşdan yuxarı uşaqlarda qeyri-iradi sidik ifrazı davam etmiş olarsa, uşaq nevropatoloquna və uroloquna müraciət etmək lazımdır.

Enurezə səbəb olan hallardan biri müxtəlif nevrozlardır. Nevrozla bağlı enurez daimi olaraq baş vermir; sakitlik halında keçib gedir. Belə enurez, adətən, gecələr, az-az hallarda isə gündüzlər də baş verir. Nevrozlu uşaqların yuxusu səthi olur, onlar müxtəlif yuxular görürlər. Yatmış ikən qeyri-iradi olaraq sidik ifraz edən uşaqlar yuxudan oyanır və bu zaman böyük təşviş keçirirlər.

Nevrotik enurezli uşaqlar məktəbdə və ya evdə-ailədə çətin psixoloji vəziyyətə düşdükdə də onlarda qeyri-iradi sidik ifrazı - enurez qeyd edilir. Belə hallarda valideynlər uşaqlarının məktəbdəki həmyaşıdları və müəllimlərlə hansı münasibətlərdə olduğunu aydınlaşdırmalı, imkan daxilində nevrotik amillərin aradan qaldırılmasına çalışmalıdırlar.

Nevrozabənzər hallarda baş verən enurez, adətən, dövri xarakter daşıyır və gecə ərzində bir neçə dəfə təkrar oluna bilər; belə enurez yorğunluq zamanı daha da tezləşsədə həyacandan asılı olmur. Enurez baş verdikdə uşaq həyəcanlanmır, o, yuxu görmür, yuxusu dərin olur, hətta qeyri-iradi sidik ifraz edərək alt paltarını və yatağını islatmış olsa da yuxudan oyanmır. Belə uşaqlarda çox zaman baş ağrıları, başgicəllənmə, yorğunluq kimi əlamətlər qeyd edilir. Onlar fikirlərini tezliklə toplaya bilmir, diqqətləri yayınmış olur. Belə uşaqlar məktəbdə dərsləri də yaxşı qavraya bilmirlər.

Nevrozabənzər hallar mərkəzi sinir sistemi zədələnmələrinin bir əlaməti olub, fəsadlaşmış doğuşlar (uzunmüddətli hipoksiya), baş beyin və onurğa beyini travmaları (məsələn, yıxıldıqdan sonra), sinir sistemi infeksiyaları (meningit, ensefalit) keçirmiş olan uşaqlarda daha çox rast gəlinir. Qeyd edilən bütün bu faktorlar sidik ifrazı orqanlarının sinir sistemi tərəfindən tənzimlənməsinin pozulmasına səbəb olur.

Müayinə məqsədi ilə enurezli uşağı mütləq nevropatoloq və uroloqa göstərmək lazımdır. Müalicə enurezə səbəb olan hallardan asılı olaraq təyin edilir. Enurezin səbəbindən asılı olmayaraq belə uşaqlara aşağıdakı şərtlərə əməl etmək də vacib hesab edilir:

- gərginlik və streslərsiz keçən sakit şəraitin yaradılması (televizora baxış müddətini də qısaltmaqla);

- pəhriz: sam yeməyinin yatmamışdan ən azı 3 saat əvvəl yeyilməsi və bu zaman qida rasionundan sidikqovucu təsirə malik məhsulların (alma, xiyar, süd məhsulları) xaric edilməsı;

- yatmağa 1 saat qalmış hər 20 dəq-dən bir olmaqla uşağın 3 dəfə sidik ifraz etməyə göndərilməsi;

- uşağın yatağının isti olması;

- qarın və bel əzələlərinin möhkəmləndirilməsi üçün üzgüçülük, velosiped sürməklə məşğul olmaq və müalicəvi bədən tərbiyəsi hərəkətlərinin yerinə yetirilməsi.

9-11 yaşına çatanadək, əksər hallarda, uşaqlarda sidik ifrazına nəzarət edilməsi tam formalaşmış olur və enurez özündən sonra heç bir iz buraxmadan keçib gedir. Buna baxmayaraq xəstəlik aşkar edildiyi vaxtından etibarən mütləq müalicə edilməlidir. Əks halda, uşaqlarda sidik sistemi infeksiyaları (məsələn, pielonefrit və s.) və ya nevroz (əgər əvvəldən yox idisə) xəstəliyi də (bəzən müalicəsinin psixiatr tərəfindən aparılmasını tələb edən) inkişaf edə bilər.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика