ASTMA və KOVİD-19

Kovid-19 və astma ilə bağlı aparılan bəzi tədqiqatların nəticələrində qeyd edilir ki, astma və allergik rinitli şəxslər koronavirus infeksiyası ilə az hallarda yoluxur və hətta astmanın olması belə şəxsləri kovidə yoluxmaqdan qoruyur.

Bunu, bu qrup xəstələrin orqanizmində virusun insan hüceyrələrinə daxil olmasına şərait yaradan reseptorun azlığı ilə əlaqələndirirlər.

Bununla bərabər, bəzi tədqiqatların nəticələrində isə orta və ağır formalı astmanın olmasını, kovid-19 -un daha ağır klinik formalarına səbəb ola biləcək risk kimi qeyd edirlər.

Burada bir-birinə zidd olan nəticələrlə qarşılaşırıq. Nəticədə pasiyentlər bu məlumatları oxuduqdan sonra mənə bu cür suallarla müraciət edirlər: "Doktor, deməli bizə virus qorxulu deyil, biz rahat ola bilərik, maska taxmaq lazım deyil?"

Baxmayaraq ki, bu məlumatlar etibarlı tədqiqatların nəticəsi əsasında əldə edilmişdir və bu haqda müxtəlif tibbi saytlarda məlumatlar paylaşılır və həkimlərin çıxışları olur, lakin bu nəticəni hər pasiyentə şamil etmək yanlış fikirdir!

Astma və ya allergik rinit hər xəstədə fərqli gedişdə, nəzarətə alınan və ya alınmayan formalarda, müxtəlif ağırlıq dərəcələrində ola bilər. Buna görə də xəstələrə tövsiyə verəndə bu məqamları da nəzərə almaq lazımdır!

Lakin bütün hallarda yenə də virusdan qorunmaq üçün sanitar-gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək lazımdır.

Belə pasiyentlərə müalicə həkimi ilə həmişə əlaqə saxlamaq, xəstəliyi nəzarətə almaq, təyin edilmiş hipoallergik pəhrizə və şəraitə riayət etmək, ağır astma tutmasına səbəb ola biləcək faktorlardan uzaq durmaq tövsiyə olunur.

Bazis müalicədə istifadə etdikləri dərmanları, xüsusilə də inhalyasiyon kortikosteroidləri, iltihabəleyhinə preparatları müalicə həkimi ilə məsləhətləşmədən dayandırmaq tövsiyə olunmur!

Sonda onu da qeyd etmək istərdim ki, öz təcrübəmə əsaslanaq deyə bilərəm - təəssüf ki, astmalı xəstələr də kovidə yoluxurlar.

Diqqətli olun, sanitar-gigiyena qaydalarına riayət edin, özünüzü qoruyun!

Sağlam olun!

 

Saglamolun.Az