24 yaşlı manken Lauren Wasser tampondan istifadə nəticəsində ortaya çıxan toksik şok sindromu səbəbilə ayağını itirib.
İşində tanınmış, müvəffəqiyyətli manken olan 24 yaşındakı amerikalı Lauren Wasserin həyatı heç ağlına gəlməyəcəyi bir şəkildə kabusa dönüb. Vaginal tampondan istifadə nəticəsində yarana bilən toksik şok sindromuna tutulan Lauren bu xəstəlik səbəbilə ölümdən dönüb. İsifadə qaydalarına əməl edilmədikdə ortaya çıxan bu sindromun səbəbi kimi əsasən tamponların uzun müddət daxildə qalması göstərilir.
Tamponlar vaginada mövcud olan bakteriyaları və quruluğu artıraraq bakteriyaların törəməsi üçün əlverişli mühit yaradır. Toksik şok əlamətləri arasında yüksək hərarət, qaşınma və qızarma, başgicəllənməsi, yorğunluq və orqan çatışmazlığı kimi əlamətlər vardır. Ciddi hallarda bir neçə saat içində ölümə də səbəb ola bilir.
Lauren Wasserdə də bu əlamətlər müşahidə olunub və ölümün eşiyindən dönüb. Laurenin hekayəsi tampondan istifadə zamanı yol verilən səhvlərin necə təhlükəli ola biləcəyini göz önünə gətirir. 2012-ci ildə menstruasiya əsnasında tampondan istifadə edən Lauren çox ciddi bir xəstəlik yaşadığını qeyd edib. Bir neçə gün sonra gözünü xəstəxanada açan Lauren o zaman daim özünü yuxulu hiss etdiyini söyləyir. O, mətbəxin döşəməsində huşunu itirmiş halda polislər tərəfindən tapılaraq dərhal xəstəxanaya çatdırılıb. Lauren xəstəxanada gözlərini açarkən gördüklərini belə nəql edir: “Qarnım təəccüb yaradacaq qədər şişmişdi. Hər tərəfimə borular taxılmışdı və danışmağa belə taqətim yox idi”. Laurenin həyatı əməliyyatlar vasitəsilə xilas edilsə də, qan axınına qarışan toksik maddələr ayağının qanqren olmasına və nəticədə kəsilməsinə səbəb olub.
İldə 100 min insandan 1-də rastlanan toksik şok sindromu vaginal tampondan istifadə edən qadınlar üçün təhlükə yaradır. Tamponlardan qutunun üzərində qeyd edildiyi şəkildə istifadə olunmaması və saatlarla dəyişdirilmədən saxlanılması toksik şok sindromu riskini artırır.
Saglamolun.Az