Koronavirusun əsas hədəfi ağciyər deyil!

Bildiyimiz kimi koronavirus ağciyəri zədələyir və bu orqanda iltihab yaradır. Lakin son müşahidələr göstərir ki, əslində koronavirusun əsas hədəfi ağciyər deyil, qan damarlarıdır.

Kovid kiçik damarlar və kapilyarların daxili səthini zədələyir, iltihab yaradır, trombların əmələ gəlməsinə səbəb olur.

Damarlar bütün orqanlarda var və bu səbəbdən infeksiya istənilən orqanda (böyrəklər, beyin və s.) fəsad yarada bilər. Belə ki, damarların zədələnməsi, damarlarda trombların yaranması nəticəsində kovid insultun inkişafına səbəb ola bilir. Belə hallar bütün dünyada qeydə alınır.

Ağciyərdə qan damarları digər orqanlarla müqayisədə daha çoxdur və bunun nəticəsində ilk növbədə məhz ağciyər iltihabı gözə çarpır.

Damarlardan əlavə kovid ürək əzələsini də zədələyir. Alman həkimlərinin son araşdırması göstərib ki, koronavirusu keçirmiş 100 insandan 60-da sağalandan 3-4 ay sonra miokardit aşkar olunur. Saglamolun.az bildirir ki, araşdırmanın nəticəsi JAMA Cardiology jurnalında dərc olunub. Miokardit ürək əzələsinin iltihabıdır. Bu çox ciddi xəstəlikdir ki, onun fonunda insanda ağır ürək çatışmazlığı inkişaf edə bilər.

Maraqlıdır ki, miokarditin inkişafı xəstəliyin ağırlığından asalı deyildi. Miokardit reanimasiyada müalicə olunan ağır xəstələrdə və ev şəraitində müalicə alan və xəstəliyi yüngül formada keçirmiş xəstələrdə aşkar olunur.

Bir çox xəstələr koronavirusdan sağalandan uzun müddət sonra təngənəfəslik, yorğunluq, zəiflik, ürək döyünməsinin artması kimi simptomlardan şikayət edir. Bu isə həkimlərin fikrinı görə, məhz miokarditin inkişafı ilə izah olunur.

Mütəxəssislər koronavirus infeksiyasınnı keçirmiş insanlara sağalandan sonra bir müddət həkimlərin nəzarətində olmağı tövsiyə edirlər.  

Saglamolun.Az