Koronavirusun müalicəsində çox böyük dəyişikliklər baş verib. Əgər pandemiyanın əvvəlində əsasən hidroksixloroxin və azitromisindən istifadə olunurdusa, hazırda hidroksixloroxindən tam imtina olunub.
Müalicə zamanı artıq tam başqa preparatlardan (antikoaqulyantlar, hormonlar və s.) istifadə olunur və belə müalicə çox yaxşı effekt verir.
Tanınmış rusiyalı tele-həkim, tibb elmləri doktoru Yelena Malışeva öz İnstaqram hesabında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan məşhur rusiyalı kardioloq, alim Simon Matskeplişvilidən (Симо́н Мацкеплишви́ли) müsahibə alıb.
Saglamolun.az bildirir ki, müsahibə zamanı həkim koronavirusun həm ev şəraitində, həm də xəstəxanada müasir müalicəsi haqqında ətraflı məlumat verib.
Həkimin sözlərinə görə, hazırda bütün dünyada infeksiyanın müalicəsində istifadə olunan əsas preparatlar antikoaqulyantlardır. Bu dərmanlar qanı duruldur və koronavirusun ən təhlükəli ağırlaşması olan trombozun qarşısını alır. Həmçinin həkim bildirib ki, bu məqsədlə aspirindən istifadə olunmamalıdır.
Matskeplişvilinin sözlərinə görə, müalicə zamanı antibiotiklər, hormonlar (qlükokortikosteroidlər) və həmçinin veroşpiron (spironolakton) kimi preparatlardan da istifadə olunur.
Xəstəliyin yüngül formalarında heç bir müalicə təyin olunmur. Həkimin sözlərinə görə, belə xəstələr “moruq mürəbbəsi ilə çay içə bilərlər”.
Matskeplişvili xəstələrin hansı hallarda ev, hansı hallarda xəstəxana şəraitində müalicə almaları ilə bağlı da məlumat verib. Xəstəxana şəraitində müalicə almaq üçün əsas səbəblər:
- saturasiya (qanda oksigenin səviyyəsi, pulsoksimetr cihazı ilə ölçülür) 91% və bundan az,
- 3 gündən çox yüksək qızdırma (38,5 C),
- yanaşı xəstəliklər (şəkərli diabet, ürək və nəfəsma sistemi xəstəlikləri, hipertoniya)
- insanda boğulma hissi.
Bu amillərdən biri varsa, xəstə xəstəxanaya yerləşdirilməlidir. Digər hallarda koronavirus xəstələri ev şəraitində həkim nəzarəti altında müalicə alırlar.
Hər iki həkimin sözlərinə görə, koronavirus “vəba deyil” və panika üçün heç bir əsas yoxdur.
Daha ətraflı video-da baxın.
Saglamolun.Az