İsti hava koronavirusa necə təsir edir? Epidemioloqdan açıqlama

Koronavirus yeni ştamm olduğundan mütəxəssislər tərəfindən az öyrənilib. Alimlər virusun “özünü necə apardığını” hələ dəqiq bilmir, biri birinə zidd olan fikirlər səsləndirir, virusla bağlı əvvəl irəli sürdükləri fikirlərdən daha sonra imtina edirlər.

Bu da təbii haldır və insanlarda inamsızlıq və şübhə yaratmamalıdır.

Belə ki, əvvəllər bir çox mütəxəssislər isti havada virusun yayılmasının azalması haqqında fikirləri irəli sürürdülər. Lakin sonrakı müşahidələr göstərib ki, isti və ya soyuq hava, rütubət, külək və s. virusun yayılmasına ciddi təsir etmir.

Saglamolun.az The New York Times nəşrinə istinadən bildirir ki, Toronto Universitetində çalışan tanınmış amerikalı epidemioloq Piter Cuni bildirib ki, koronavirusa heç bir “əlverişli şərait” lazım deyil. İnsanlar bu virusla heç vaxt qarşılaşmayıb, insanların bu virusa qarşı heç bir immuniteti yoxdur və məhz bu da onun yayılması üçün ən ideal şərait yaradır.  

Mütəxəssis qeyd edib ki, peyvənd hazırlanana qədər virusdan qorunmaq üçün insanlar sosial məsafə saxlamalı, maska taxmalı və əl gigiyenasına diqqət etməlidir. "Koronavirus pandemiyasını isti yay deyil, ciddi karantin tədbirləri dayandıra bilər", - epidemioloq vurğulayıb.

Həmçinin alim qeyd edib ki, peyvənd də koronavirusu tam yox etməyəcək. Koronavirus respirator infeksiyadır və belə infeksiyalara hətta peyvəndlərin köməyi ilə qalib gəlmək mümkün deyil. Qripp və göyöskürək buna bariz nümunədir. Baxmayaraq ki, bu infeksiyalara qarşı peyvəndlər var, insanlar onlara tam qalib gəlməyiblər.

 

Saglamolun.Az