Bütün dünya Çində koronavirusdan yerə yıxılan, özündən gedən insanları əks etdirən kadrları görüb.
Son günlər ərzində Azərbaycanda da bir neçə insanın çöldə özündən getməsi məhz “korona” ilə əlaqələndirirlər.
Görəsən həqiqətənmi insan koronavirusdan çöldə getdiyi yerdə bayıla, özündən gedə bilər?
Müxtəlif mənbələrdən topladığımız məlumatlar göstərir ki, bəzi hallarda bu həqiqətən mümkündür. Koronavirus infeksiyası zamanı qızdırma 40 C qədər qalxa bilər və bu həqiqətən bayılmaya səbəb ola bilər. Lakin bu tək koronavirus deyil, yüksək qızdırma ilə müşayiət olunan digər xəstəliklər zamanı da mümkündür. Yəni belə halların baş verməsi tək koronavirusun “üstünə yıxmayaq” və özümüzü daha da çox qorxuya salmayaq.
Saglamolun.az bildirir ki, bayılmanın bir çox digər səbəbləri də ola bilər – şəkər xəstələrində şəkərin kəskin düşməsi, təzyiqin müxtəlif səbəblərə görə kəskin düşməsi, ürək xəstəlikləri, elementar olaraq aclıq və s.
Nəhayət güclü stress, qorxu və s. kimi emosiyalar da bayılmaya səbəb olur. Nəzərə alsaq ki, hal hazırda insanların bir çoxu koronavirusa görə stres və təşviş vəziyyətindədir belə halların artması istisna deyil.
Burada bir məntiqli sual yaranır. Məgər “koronavirus erası”ndan əvvəl insanlar çöldə özündən getmirdimi? Ola bilsin ki, siz özünüz də nə vaxtsa belə halın şahidi olmusunuz.
Odur ki, sosial şəbəkələrdə hər gördüyünüz videoya görə dərhal təşvişə düşməyin. Stres, qorxu və təşviş immuniteti salır və sizi həm “korona”, həm də istənilən digər virus və xəstəliklər qarşısında zəif və müdafiəsiz edir.
Sadəcə karantin və gigiyena qaydalarına ciddi riayət edin! Yalnız bu sizi koronavirusdan qoruya bilər!
Saglamolun.Az