Amerikalı immunoloq koronavirusun ƏSAS SİMPTOMLARInı sadalayıb

Azərbaycanda koronavirusun yayılma sürəti yüksək deyil. Bunun əsas səbəbi kimi dövlətimiz tərəfindən vaxtında tətbiq olunan profilaktik və karantin tədbirlərini göstərmək olar.

Məsələn, İtaliyada bu tədbirlər çox gecikib və artıq bu Avropa ölkəsi “ikinci Uhan”a çevrilib.

Lakin dövlət strukturları nə qədər yaxşı çalışsalar da, infeksiyanın yayılmasının qarşısının alınması ilk növbədə bizdən, ölkənin vətəndaşlarından asılıdır. Koronavirusun simptomlarını bilmək və bu simptomlar meydana çıxdıqda dərhal həkimə müraciət etmək, profilaktik qaydalara riayət etmək, mümkün qədər karantində qalmaq artıq hər bir vətəndaşın həm vəzifəsi, həm borcudur.

İlk növbədə hansı simptomlara fikir verilməlidir?

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, tanınmış amerikalı immunoloq, professor Uilyam Petri bu suala belə cavab verib: “COVID-19 əsas simptomları yüksək qızdırma, quru öskürək və təngnəfəslikdir”.

Professor qeyd edib ki, bu simptomlar meydana çıxan kimi dərhal həkimə müraciət etmək lazımdır.

Petrinin sözlərinə görə, “burnunuz axır və ya tutulubsa, bu böyük ehtimalla koronavirus deyil. Bu qrip və ya soyuqdəyməyə işarə edə bilər”.

Saglamolun.Az