Hiperaktiv uşaqlarla necə davranmalı? - Psixoloq məsləhəti

Həddindən artıq hərəkətli uşaqlar bəzən valideynlərinə çətin anlar yaşadır. Onların davranışları hərdən etik normaları belə aşır.

Bu isə problemin ilkin siqnalıdır. Hiperaktivlik - "hiper” yunanca yüksək, "aktivas” hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip balacalar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır.

"Ailələrdən  gələn ən çox şikayət isə uşaq yeməyini zülmlə yeyir, hər şeyə aid suallar verir” – mütəxəssislər belə deyir.

AzEdu.az xəbər verir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı Medicina.az-a ətraflı danışıb: ”Əgər uşaq çox sual verirsə, hər şeylə maraqlanırsa, bu, nadinclik demək deyil. Sadəcə uşaqda yaranan maraqların göstəricisidir. Belə olan təqdirdə əgər valideynlər uşaqları diqqət mərkəzində saxlaya bilmirsə, məsələn, onların suallarına cavab vermirsə, uşaqlar başlayırlar digər vasitələrlə diqqət cəlb etməyə. Beləliklə, nadinclik edirlər”.

Bunu valideynlər çox vaxt hiperaktivlik kimi qiymətləndirirlər. Lakin mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Psixoloq Aygün Cəfərova məsələni belə izah edir: "Əslində onlar bu hərəkətləri ilə valideynlərin və ətrafdakıların diqqətini cəlb eləmək istəyirlər. Uşaqlar bu addımı diqqətdən kənarda qaldıqlarını hiss etdiklərində atırlar. Ailədən uşağa ötürülən sevgi azlığı onları nadinclik, dəcəllik etməyə sövq edir”.

Sevgi çatışmazlığından gələn şuluqluq

Nəticə isə özünü çox ağır formada büruzə verə bilər. Araşdırmalar göstərir ki, hiperaktiv uşaqlar olduqca hərəkətlidirlər. Məsələn, belə uşaqlar yaşıdlarını itələyir, divara dırmanır, həddindən çox danışır, başqalarının sözünü kəsir - bir sözlə onları ram etmək çətindir. "Bəs bu halda nə edilməlidir, hansı addımlar atılmalıdır” kimi suallar yaranır. Psixoloq Aygün Cəfərova deyir ki, bunu yalnız sevgi ilə aradan qaldırmaq mümkündür: "Onlara daim sevgi aşılamaq lazımdır. Danışanda mümkün qədər göz təması qurmaq, nəvaziş göstərmək müsbət nəticə verir. Uşaqlara mütləq vaxt ayrılmalıdır. Yəni, onlarla ünsiyyətdə olmaq vacibdir. Günü necə keçirdiyi, nələr etdiyi, hansı problemdən narahat olduğunu müzakirə etmək lazımdır. Onların suallarına ətraflı cavablar verilməlidir. Bir sözlə, əgər uşaqların sevgi ehtiyacı ödənilərsə, onlarda nadincliyin qarşısını almaq mümkündür”.

Hiperaktivlik sindiromu diaqnozuna gəlincə, psixoloqlar deyir ki, bu, yalnız düzgün müayinə ilə təsbit olunmalıdır. Bunun üçün ilkin olaraq tibbi və psixoloji müayinələr aparılmalıdır. Sindiromun ilkin əlamətləri bir sıra hallarda özünü göstərir: "Diqqət pozğunluğu varsa, misal üçün, bir dəqiqə ərzində oturub su içə və ya yeməyini yeyə bilmirsə bu, artıq patoloji aktivlikdir. Bu zaman artıq mütəxəssisə müraciət olunmalıdır. Psixoterapiya götürülməlidir, dərmanlarla müalicə olunmalıdır. Ancaq bir məqam var ki, bəzən aktivliklə hiperaktivlik qarışdırılır. Aktiv uşağa da hiperaktiv diaqnozu qoyurlar. Bu isə çox yanlış yanhaşmadır. Yalnış diaqnozla uşaqları səhv yönəldirlər. Yaxud da baxırsan adi uşaqdır, normal aktivliyi var, sadəcə valideyn iddia edir ki, uşağım hiperaktivdir”

Odur ki, valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Mütəxəssislər aktiv və dəcəl olan hər uşağa bu diaqnozu qoyub, dərman müalicəsi tətbiq etməyin əleyhinədirlər.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика