Səhər acqarına su içmək niyə bu qədər faydalıdır?

Diyetoloqların fikrinə görə, səhər acqarına su içmək ən faydalı vərdişlərdən biridir. Onun köməyi ilə bir çox sağlamlıq problemlərini də həll etmək mümkündür.

Söhbət hansı problemlərdən gedir?

Saglamolun.az focus.de portalına istinadla bildirir ki, gecə yuxusu zamanı insan mayeni itirir, qan qatılaşır və bu da ürək-damar sisteminə mənfi təsir edir, damarlarda trombların əmələ gəlməsinin riskini artırır. Səhər ilıq su içmək susuzlaşmanın qarşısını alaraq qan dövranını stimullaşdırır və ürəyin fəaliyyətinə müsbət təsir edir.

Səhər acqarına su içmək qəbizlik problemini də həll etməyə kömək edir. Su bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların boşalması prosesini sürətləndirir.   

Bir çox sağlamlıq problemləri bədəndə ziyanlı maddələr, şlak və toksinlərin yığılması ilə bağlıdır. Səhərlər ilıq su içməklə insan orqanizmindən bu maddələrin çıxmasını tezləşdirir, orqanizmi təmizləyir.

Dərinin təmiz, sağlam və cavan olması da suyun kifayət miqdarda qəbulu ilə bağlıdır. İnsan az su içirsə onun dərisi tez qocalır, qırışlar əmələ gəlir, dərinin keyfiyyəti düşür. Hər səhər su içmək bu problemi də həll etməyə yardım edir.

Az su içən insanların orqanizmində metabolik proseslər ləngiyir və bu da o cümlədən kökəlməyə səbəb olur. Səhər acqarına su içmək metabolizm proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

Mütəxəssislər qeyd edir ki, səhər acqarına su içmək həmçinin saçların uzanmasını sürətləndirir, saçların keyfiyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir, böyrək daşı xəstəliyinin və sidik kisəsi infeksiyalarının qarşısını alır.    

Mütəxəssislər hər səhər 1-2 stəkan ilıq su içməyi tövsiyə edirlər. Suyu birdən deyil, yavaş-yavaş içmək lazımdır. Su içəndən yarım saat sonra səhər yeməyi yemək olar.

Diqqət! Bəzi ürək və böyrək xəstəlikləri zamanı həkimlər əksinə suyun qəbulunu azaltmağı tövsiyə edirlər.  

Saglamolun.Az