Qəbizliyin 5 ƏSAS SƏBƏBİ

Bəzi insanlar fikirləşir ki, defekasiya (nəcis ifrazı) hər gün olmalıdır. Əks halda bu qəbizlikdir.

Əslində isə bu belə deyil. Bəzi sağalm insanlarda bağırsağın boşalması prosesi gündə 2 dəfə, digərlərində isə 2-3 gündən bir baş verir və hər 2 halda bu normanın variantı sayıla bilər.

Qəbizliyin konkret simptomları var:

- həftədə 3 dəfədən az nəcis ifrazı

- nəcis kütləsinin bərk olması

- defekasiyanın (nəcis ifrazı) ağrılı olması və çətinliklə baş verməsi.

Saglamolun.az bildirir ki, bəzi hallarda qəbizlik hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər (babasil, bağırsaq polipləri və şişləri, qalxanvari vəzi və maddələr mübadiləsi xəstəlikləri və s.). Lakin xoşbəxtlikdən əksər hallarda qəbizliyin səbəbi xəstəlik deyil, digər amillərdir ki, bu amilləri aradan qaldırdıqda qəbizlik də özü-özündən keçir. Beləliklə, qəbizliyin ən yayılmış səbəbləri arasında bunlardır:

1. Düzgün olmayan qidalanma

Qidalanmada asan mənimsənilən qidaların (fast-fud, bulka, şirniyyatlar, ağ çörək və s.) üstünlük təşkil etməsi, qidalı liflərlə zəngin olan qidaların isə (meyvə-tərəvəz, yarmalar, paxlalılar) əksinə az olması.

2. Mayenin az qəbulu.

Hər bir sağlam insan gün ərzində ən azı 1 l təmiz su içməlidir. Bu yoğun bağırsağın normal fəlaiyyətinin əsas şərtidir.

3. Bəzi dərman preparatlarının nəzarətsiz və (və ya) uzun müddət ərzində qəbulu (sidikqovucular, dəmir, kalsium preparatları, antidepressantlar, iltihabəleyhinə preparatlar və s.).

4. Azhərəkətli həyat tərzi.

Bağırsaqların normal işləməsi üçün hərəkətlilik olduqca vacibdir. Fiziki aktivlik zamanı bağırsaqların peristaltikası (hərəkətliliyi) yaxşılaşır ki, bu da defekasiya aktını daha asan edir.

5. Stress.

Bu da qəbizliyin əsas səbəblərindən biridir. Bağırsaq çox həssas orqandır və stress, gərginlik, əsəbilik onun fəaliyyətini ciddi şəkildə pozur.

Saglamolun.Az