Diabet korluğa səbəb ola bilər

“Şəkər xəstəliyi nəzarət edilməzsə, göz də daxil olmaqla bir çox orqanın zədələnməsinə səbəb ola bilər”.

Bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsinin Oftalmologiya üzrə mütəxəssisi Prof. Dr. Faruk Öztürk deyib.

“Diabetik retinopatiyan diabetli insanlarda tez-tez görülən ciddi bir göz xəstəliyidir. İnkişaf etmiş ölkələrdə böyüklərdə görmə zəifliyinin ən çox görülən səbəbi şəkərli diabetdir. Diabet həmçinin, retinopatiya, neyropatiya və nefropatiya kimi sağlamlıq problemlərinə səbəb olur. Retinanın zədələnməsi, sarı ləkənin zədələnməsi daha tez irəliləyə bilər. Əhəmiyyətli bir göz xəstəliyi olan katarakta şəkərli diabet xəstələrində erkən yaşlarda müşahidə edilə bilər. Retina gözün arxasında yerləşən və görməni təmin etmək üçün sinir hüceyrələri vasitəsilə beyinə siqnallar göndərən təbəqədir. Gözün tor qişasında çoxlu qan damarları var. Nəzarət olunmayan diabet retinal damarların zədələnməsinə səbəb ola bilər. Diabetin növü, müddəti, başlama yaşı, yüksək qan lipidləri, hipertoniya, piylənmə, genetika, D vitamini çatışmazlığı və siqaret əhəmiyyətli risk faktorları arasındadır”,-deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, müntəzəm olaraq oftalmoloq nəzarəti bütün şəkərli diabet xəstələri üçün çox vacibdir. Şəkərli diabeti olan hər bir şəxs hər hansı bir problem, şikayət və ya əlamət gözləmədən oftalmoloqa müraciət etməlidir.

 

medicalmedia.az 

Saglamolun.Az