SKOLİOZun ağır fəsadları və müalicə üsulları

Statistikaya əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Onlar vaxtlarının çoxunu (məktəbdə, evdə dərs hazırlayarkən, uzun müddət kompüter arxasında) oturaq vəziyyətdə keçirirlər.

Nəticədə bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması baş verir.

Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Bu xəstəlik, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Vaxtında müalicə olunmazsa fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı orqanlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan tibbi müayinələr nəticəsində xəbərdar olur.

Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir. Bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.

- onurğada yana əyilmə

- qabırğa qövslərində qeyri-bərabərlik

- kürək sümüklərinin asimmetriyası

- çanaq sümüklərində əyrilik

- başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.

Rentgenoqrammalara əsasən, skoliotik deformasiyalar dərəcələrlə ifadə edilir. Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:

1-ci dərəcəli - 0-10° dərəcə

2-ci dərəcəli - 11-30° dərəcə

3-cü dərəcəli - 31-60° dərəcə

4-cü dərəcəli - >61° dərəcə
Formasına görə isə "C"-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır) və ya "S"-ə bənzər (torakal və lumbar nahiyədə iki qövs yaranır) skolioz ayırd edilir. Yeniyetməlik idiopatik skoliozda onurğa sütununun
deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən
keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara -körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi,
sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır.

Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər "zamanla skolioz düzələr"deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur. Bunlarla vaxtında müdaxilə olunmazsa, yaş artdıqca:

- protruziya, fəqərəarası disk yırtıqları

- aritmiyalar, ürək nahiyəsində ağrı

- ağciyər problemləri (ağ ciyərin xroniki-obstruktiv xəstəlikləri)

- süd vəzi ölçülərində və yerləşməsində fərq

- mədə-bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.)

- diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik)

- çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya

- əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.
Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir.

Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları artıq öz aktuallığını itirib. Bioloji tənzimləyici təbabət skoliozlu xəstəyə vahid bir orqanizm kimi yanaşır. Burada müalicə zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir. Hər bir yaş qrupunun müalicəsi nəzərə alınan bioloji tənzimləyici təbabətdə hətta yenidoğulmuşlarda da skoliozun profilaktikasını apara biləcək üsullardan - osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiyadan istifadə olunur.  

Yenidoğulmuş körpənin doğuş yollarından keçərkən fəqərələrində yaranan ən kiçik yerdəyişmələrin, hələ tam sümükləşməmiş çanaq sümüklərinin normal anatomik fizioloji tamlığını yerinə qaytarmaqda osteopatiya əvəzsiz üsul hesab olunur.

Homeosiniatriya - bioloji aktiv nöqtələrə xüsusi preparatların yeridilməsidir: nəticədə orqan və toxumaların illər ərzində funksional patologiyaları  aradan qaldırılır.

Akupunktura- bioloji aktiv nöqtələrdə xüsusi iynələr vasitəsilə enerji axınını bərpa etməklə aparılan müalicə üsuludur.

Fizioterapiya - müasir fizioterapevtik cihazlarla aparılan kompleks müalicədir.

Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn, övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz, körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir.

Böyüməkdə olan uşaq orqanizminin düzgün inkişafı, əzələ və sümük sisteminin normal formalaşması üçün onu kifayət qədər lazımi nutriyentlərlə (qidalı maddələrlə) təmin etmək vacibdir. Məktəblilərdə isə
onurğa sütununa düşən yükün (çantaların) balanslaşdırılması, parta arxasında uzunmüddət gərgin olan əzələlərin idman vasitəsilə məşqi nəzərdən qaçmamalıdır.

Skoliozun erkən aşkarlanması sizin və övladınızın gələcəkdə həm maddi, həm də mənəvi əziyyətinizin qarşısını almağa kömək edəcək. Unutmayın ki, profilaktika müalicədən daha tez və asan başa gəlir.

 

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

 

.

Saglamolun.Az