Övlad sahibi olmamaq bədbəxtlikdirmi? - YENİ TƏDQİQAT

 

Elmi araşdırmalar övladı olmayan cütlüklərin yaşlandıqca peşmançılıq hissi keçirmədiyini  sübut edib.

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, uşaq sahibi olmağı seçməyən cütlüklər sonrakı həyatlarında verdikləri qərardan peşman olmurlar.

Miçiqan Dövlət Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, ştatda hər beş yetkin insandan biri uşaq sahibi olmağı planlaşdırmır.

“Plos One” elmi jurnalında dərc edilən araşdırmada 1000 nəfər yetkin insan arasında sorğu keçirilib və əldə edilən məlumatlar təhlil edilib.

İştirakçıların 20,9 faizinin uşaq istəmədiyi müəyyən edilib. Bu o deməkdir ki, 1,6 milyondan çox insan uşaqsız yaşamağı seçir.

Digər bir yeni tədqiqatda isə uşaq sahibi olmağın insanı mühafizəkar etdiyi bildirilib.

Psixologiya professoru və tədqiqatın həmmüəllifi Cennifer Uotlinq Nil qeyd edib ki, Miçiqan demoqrafik cəhətdən bütün Birləşmiş Ştatlara bənzəyir, ona görə də tapıntılar 50-60 milyon amerikalı üçün keçərli hesab edilə bilər. Bildirilib ki, nəticələr yaş, təhsil və gəlir səviyyəsi baxımından böyük fərqlər göstərməyib.

Övlad sahibi olan insanlar isə bu qərara görə gələcəkdə həmin insanların peşman olacağını düşünürlər. Amma araşdırmanın nəticələri bu fikrin əksini göstərib.

Uşağı olmayan yaşlı insanların övladı olanlardan daha çox peşman olduğuna dair heç bir sübut yoxdur. Əksinə övladı olmayan qocalar özlərinə daha çox vaxt ayıra bildikləri üçün daha xoşbəxt hiss edirlər.

 

 

medicalmedia.az

Saglamolun.Az