Əmizdirmə məsləhətçiləri kimlərdir?

Əmizdirmə məsləhətçisi ana südü əmizdirmə məsələləri üzrə təhsil almış, sertifikatlaşmış mütəxəssisdir.

Əmizdirmə məsləhətçisi təcrübəli və təcrübəsiz anaları əmizdirmə ilə bağlı bütün məsələlər barəsində maarifləndirir, hər bir ana və balaya uyğun yanaşma tərzi seçərək onların əmizdirmə proseslərində dəstək və yardımçı olur. Ana və ya körpənin səhhəti ilə əlaqədar əmizdirməyə mane olan məsələləri həkimlərlə birlikdə çözməyə kömək edir. Əmizdirmənin məhsuldar, faydalı, travmasız və düzgün şəkildə təşkil etməyə əsas yaradır.

Nələr əmizdirmə məsləhətçisinin səlahiyyətində deyil:
- Diaqnoz qoymaq məsləhətçinin səlahiyyətləri çərçivəsində deyil. Məsləhətçi həkim tərəfindən qoyulan diaqnoz əsnasında çalışır.

- Dərman yazmaq və ya məsləhət görmək müalicənin bir hissəsi olduğundan bunu yalnız müalicə edən mütəxəssis yəni həkim etməlidir. Bu səbəbdən məsləhətçidən sizə hər hansı dərman məsləhət görməyi israr etməyin. Lakin məsləhətçi sizə istənilən dərmanın əmizdirməyə zidd olub-olmaması barədə dolğun məlumat verə bilər. Əgər dərmanı içməkdən öncə onun süd vasitəsilə körpəyə ziyan verəcəyindən narahatsınızsa, o zaman həkiminiz və ya əmizdirmə məsləhətçisi ilə dərman haqqında məlumatı dəqiqləşdirə bilərsiniz.

- Körpənin və ananın səhhətində əmizdirmə və qidalandırma ilə bağlı olmayan sualları cavablandırmaq sözsüz ki, həkimlərin səlahiyyəti çərçivəsindədir. Səhhətlə bağlı bütün suallar həkimlərə yönəldilməlidir.

- Bəzi analar doğuşdan sonra ilk həftələr döşdə dolğunluqdan əziyyət çəkə bilərlər. Döşləri boşaltmaq üçün adətən analar əmizdirmə məsləhətçisinə üz tuturlar. Nəzərə çatdırmaq lazımdır ki, əmizdirmə məsləhətçisi ananın ÖZÜNƏ ÖZ döşü üzərində sağma texnikasını öyrədə bilər. Əmizdirmə məsləhətçisi ananın döşlərini sağmır və hətta məsləhət əsnasında nadir hallarda döşə əl vurur. Döşləri boşaltmaqla ana özü məşğul olmalıdır. Doğum evlərində tibb bacıları tərəfindən aqressiv şəkildə sağılan döşlərdə sonralar bəzi sağlamlıq problemləri yara bilər. Lakin ağrıya həssas olan ana özü ehtiyatla sağarkən döşlərini incidə və ya zədələyə bilməz.

Əmizdirmə məsləhətçisinin məsləhətlərinin faydasını görmək üçün nə etməli?

- Tədbirli olun. Körpənizi dünyaya gətirməmişdən öncə - hamiləlik və hətta subaylıq dövründə praktiki bilik toplamağa çalışın. Öncədən görülən tədbirlər özünə inamlı olan qadın və ana olmağın bünövrəsini qoyacaqdır. Əmizdirmə prosesinə öncədən hazırlaşın, maariflənin, əmizdirmə məsləhətçisi tapın və sizi narahat edən sualları ondan soruşun. Ana südü haqqında təlimlərdə iştirak edin, uyğun kitablar və internet resursları tapın oxuyun. Azərbaycan dilində ana südünə həsr olunmuş www.vib.az saytını araşdırın. Tədbirli və ehtiyaclı olmaq bir sıra potensial problemlərdən yayınmağa kömək olacaqdır.

- Operativ olun. Əmizdirmə əsnasında cüzi narahatlıq və problemlər yaranan kimi məsləhətçiyə müraciət etdin. Əgər problem onun səlahiyyətində deyilsə, o sizi müvafiq mütəxəssisə yönləndirəcəkdir.

- Səmimi olun. Məsləhətçinin suallarını dolğun və ən xırda nüansları təsvir edərək cavablandırın. Hər hansı vacib məqamları qəsdən gizlətməyin. Ananın verdiyi səmimi və dolğun cavab problemi qısa zaman kəsiyində həll etməyə əsas yarada bilər. Gizlədilən məqamlar isə əlbəttə ki, yalnız ana və balaya ziyan vurar. Məsləhətçinin verdiyi məsləhət sizi qane etmirsə, bunu bildirin ki, birlikdə başqa yanaşma və çözüm tapa bilərsiniz. Unutmayın, məsləhətçinin məqsədi ilk növbədə sizə dəstək və yardımçı olmaqdır.

- Hörmətlə yanaşın. Əgər məsləhətçinin verdiyi məsləhət və təlimatlara riayət etməyəcəksinizsə, nə öz vaxtınızı, nə də məsləhətçinin vaxtını israf etməyin. Etibar etdiyiniz və sizə uyğun olan bir mütəxəssisə müraciət edin.

- Nəticəni bölüşün. Adətən məsləhətçinin təlimatlarından sonra problemi çözülən analar yenidən məsləhətçi ilə əlaqə saxlayıb müsbət nəticələri bölüşməkdən çəkinirlər. Xoş xəbərlərlə geri zəng edən ananın sevincinə şərik olmaq və qəlb rahatlığı tapmaq istənilən mütəxəssis üçün güclü motivasiya və pozitiv əhval bəxş edə bilər. Yalnız problemlərinizlə deyil, xoş təəssüratlarınızla bölüşməyi vərdişinizə çevirin o halda həyatın necə asan və xoş xırdalıqlarla dolu olduğunu görəcəksiniz.

Vib.az

Saytımızla əməkdaşlıq edən sertifikatlaşdırılmış əmizdirmə məsləhətçisi Səltənət Zülfüqarovaya sual verə bilərsiniz.

.

Saglamolun.Az