Əgər ana hər hansı bir səbəb üzündən körpəyə süd verə bilmirsə, körpəni süni qidalandırmaya keçirirlər. Süni qidalandırma tərkibcə ana südünə yaxın olan süni süd qarışıqları ilə südü tamamilə əvəz etmək deməkdir.
Lakin bu qarışıqlar ana südünün bir çox üstünlüklərindən məhrumdur.
Əgər süni qida ana südünə əlavə kimi verilirsə, ana ilk öncə süd vəzisi tam boşalandan sonra körpəyə əlavə qidanı verməlidir.
Süni qarışıqlar toz halında istehsal olunur. Bu tozu qabın üzərində göstərildiyi kimi su ilə qarışdırırlar. Qarışığı yalnız bir dəfə qaynadılmış suda həll edirlər. Çaydanda uzun müddət qalmış, qaynadılmadan su təmizləyici filtrdən keçirilmiş və mineral mənşəli sulardan istifadə etmək olmaz. Tozu bilavasitə sterilizə olunmuş uşaq əmizdirilən qabda və ya ayrıca steril stəkanda qarışdırırlar. Hər qarışığın öz doza nisbəti olur və bunu, xüsusilə də ilk aylarda pozmaq qəti qadağandır. Hazır qarışıqlar hermetik qablarda satılır, onlara heç nə əlavə etmək lazım deyil. Süni süd ana südü kimi istənilən vaxt verilə bilməz, yenidoğulmuş uşaqlarda yedizdirmələr arası 3 saatdan az vaxt keçməməlidir.
Bəzən süni qida uşaqda allergik reaksiyalar verir, bu halda həkimə müraciət etmək lazımdır.
ÜST ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar. Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 6 ayına qədər təbii şirələr verilən körpələrin nəcisi iyli, selikli olur, dəridə qaşınma, bağırsaq disbakteriozu əmələ gəlir.
Saglamolun.Az