Koronavirus yeni ştamm olduğundan onun inkişafı və gedişatı hətta mütəxəssislərə olduqca qəribə, “məntiqsiz” görünür.
Koronavirusun bəzi qeyri-adi xüsusiyyətləri adi insanlar arasında şübhələrə, inamsızlığa səbəb olur. Koronavirus haqqında yazan jurnalistlər “Koronavirus yoxdur! Bu mümkün deyil! Camaatı dolayırsınız!” – kimi reaksiyalara artıq öyrəşib. Bu tək bizdə deyil, bütün dünyada belədi.
Koronavirusun gedişatını proqnozlaşdırmaq çox çətin, bəzən hətta mümkünsüzdür. Bu infeksiyanın müalicəsi ilə məşğul olan bir çox həkimlərin sözlərinə görə, koronavirus müxtəlif insanların orqanizmində özünü müxtəlif cür “aparır”. Sanki bu bir deyil, bir neçə virusdu.
Səhər gülən və lətifə danışan xəstə axşam boğulmağa başlaya bilər. Bu həkimləri artıq təəccübləndirmir. Xəstənin vəziyyəti çox kəskin, 1-2 saat ərzində ağırlaşa bilər.
Koronavirus pnevmoniyası adi pnevmoniya kimi inkişaf etmir, daha ağır və sürətli inkişaf edir, az bir müddət ərzində bütün ağciyərə yayılır ki, nəticədə xəstə artıq müstəqil şəkildə nəfəs ala bilmir və süni tənəffüs aparatına qoşulur.
Bir çox hallarda yaş, yanaşı xəstəliklər və s. amillər xəstəliyin proqnozunda böyük rol oynamır. Cavan və sağlam insan koronavirusdan ölə, yaşı 100-dən çox olan isə sağala bilər. Dünyada belə nümunələr çoxdur.
Odur ki, özümüzü və yaxınlarımızı koronavirusdan mümkün qədər qorumalıyıq. Allah bütün xəstələrimizə şəfa verisin! Amin!
M.İsayeva
Saglamolun.Az