Koronavirusa yoluxduğumu necə anlaya bilərəm? Həkim izah edir

Saglamolun.az kp.ru-ya istninadla xəbər verir ki, bu suala tanınmış həkim və tibbi maarifçi Evgeni Komarovskiy belə cavab verib:

“COVİD-19 virusunun hər hansı spesifik simptomu yoxdur. Qızdırmanız qalxıb, boğazınız ağrıyır, burnunuz axırsa, bu adi soyuqdəymə də ola bilər. Belə vəziyyətdə evdə qalmaq, çoxlu maye içmək, evin havasını tez-tez dəyişmək və nəmləndirmək lazımdır. İştahanız yoxdursa zorla yeməyin. Qızdırmanı salmaq üçün parasetamol və ya ibuprofen qəbul edin.

Əgər sizdə təhlükəli simptomlar (təngnəfəslik, üzücü quru öskürək, nəfəsalmanın çətinləşməsi) əmələ gəlibsə, dərhal həkimə müraciət edin.

Bu simptomlar qrip, pnevmokokk infeksiyası, ağciyəri zədələyən digər infeksiyalar və həmçinin koronavirus zamanı meydana gələ bilər. Bu səbəbdən koronavirusun konkret əlamətlərini axtarmayın, vəziyyətiniz getdikcə ağırlaşırsa, vaxt itirmədən həkim çağırın".

Nəzərinizə çatdıraq ki, özünüzdə yüksək qızdırma, quru öskürək, təngnəfəslik, nəfəsalmanın çətinləşməsi kimi simptomları müşahidə edirsinizsə, dərhal "təcili yardım" çağırın, dispetçerə simptomlarınızı izah edin!

Özünüz xəstəxanaya, poliklinika və ya klinikaya getməyin! Unutmayın ki, siz digər insanları yoluxdura bilərsiniz! Tək özünüzü deyil, ətrafdakıları da düşünün!   

Saglamolun.Az