Üzümün sağlamlığımız üçün saysız faydaları

Yay fəslində süfrəmizin bəzəyi olan, isti günlərdə həyət evlərimizin bir yanında meynələrinin altında kölgələndiyimiz üzüm xoş dadı və bal kimi şirinliyi ilə bu mövsümün əvəzolunmaz giləmeyvəsi olmaqla yanaşı, həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında təkrarsız vasitədir.

Amma çoxlarımız bilmir ki, həyət-bacamızda çardağımıza sarmaşan, yaşıl yarpaqlar arasından salxım-salxım sallanan qara və sarı-qızılı gilələrini iştahla yediyimiz bu giləmeyvə ilə hansı xəstəliklərin qarşısını almaq, yaxud müalicə etmək mümkündür.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a üzümün faydaları, bu giləmeyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, ölkəmizdə qədim tarixə malik olan üzüm özünün faydalılığına görə qiymətli pəhriz və müalicəvi xüsusiyyətlərə malik giləmeyvədir. Yeməkdən 1,5-2 saat sonra yeyilməsi məsləhət görülür.

Üzümdən və onun məhsullarından (şirə, bəhməz) qanazlığı, ürək-damar, mədə-bağırsaq, qaraciyər, böyrək, öd kisəsi xəstəlikləri, tənəffüs yollarının iltihabı zamanı müalicə vasitəsi kimi istifadə olunur. Tünd rəngli üzüm sortları bəlğəmgətirici olduğundan plevrit, bronxit, vərəm xəstəliklərinin müalicəsi zamanı istifadə edilə bilər.

Hələ çox qədimdən ağ ciyər və ürək-damar xəstəliklərinin müalicəsində üzüm əhəmiyyətli vasitə sayılırdı. Üzümlə müalicə zamanı ürək ritmi və qan təzyiqi normallaşır, təngnəfəslik və yuxusuzluq aradan qalxır, qan "təmizlənir", nəfəs yollarının və ağ ciyərin işi yaxşılaşır.

Qırmızı rəngli üzüm qabığında olan resveratrol müxtəlif mərhələlərdə olan xərçəngi dəf edə bilir.

Yetişməmiş meyvələrdən alınan üzüm şirəsi (abqora) diabet xəstəliklərinin ilkin dövründə çox yaxşı müalicə vasitəsi sayılır.

Üzümün yarpaqlarının da orqanizm üçün çox faydalı olduğunu qeyd edən Zaur Həsənov deyib: "Üzüm yarpağı cinsi qabiliyyəti artırır, qanlı qusmaya qarşı müalicə vasitəsi sayılır. Müasir tibbi təcrübədə yarpaqlarından qəbizliyə qarşı istifadə olunur. Yarpaqlardan hazırlanmış soyuq dəmləmə gözün görmə qabiliyyətinin artırılmasında və revmatizm zamanı faydalı sayılır. Dəmləməni hazırlamaq üçün 350 qram yarpağın üzərinə 3 litr soyuq su töküb 3 sutka saxlayırlar. Yarpaq həlimi böyrəklərdən urat tipli daşlardan təmizləmə və podaqranın qarşısının alınmasında istifadə olunur".


loading...

 

 

 


Яндекс.Метрика