 
 
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
 
 (Məkkədə nazil olmuşdur, 11 ayədir) 
 
 Mərhəmətli, rəhmli Allahın adı ilə! 
 1 - And olsun səhərə; 
 2 - And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, 
 3 - (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. 
 4 - Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! 
 5 - Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! 
 6 - Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! 
 7 - Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! 
 8 - Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! 
 9 - Elə isə yetimə zülm etmə! 
 10 - Dilənçini də (qapıdan) qovma! 
 11 - Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!
Saglamolun.Az

 
 





