Qış aylarında qidalanmada meyvə-tərəvəzlərin az olması səbəbindən insan orqanizmi daha az miqdarlarda ona lazım olan vitamin və mineralları alır.
Bu səbəbdən qışın sonunda-yazın əvvəlində bir çox insanlar özündə hipovitaminozun əlamətlərini müşahidə edir:
- dərinin vəziyyətinin pisləşməsi (dəri daha quru olar, qabıq verir, rəngi pisləşir)
- saçların tökülməsi, zəif, itaətsiz olması
- "səbəbsiz" yorğunluq, zəiflik, yuxululuq
- əsəbilik, diqqətsizlik
- dodaqların kənarlarında çatların əmələ gəlməsi
- gözlərdə quruluq, qaranlıqda görmənin pozulması
- immunitetin zəiflənməsi və s.
Bu simptomları aradan qaldırmaq üçün sizə vitaminli içkilərin reseptlərini təqdim edirik.
1. Axşamdan termosda 1/2 l qaynar suda 1 ovuc itburnu, 1 ovuc kişmiş, 4-5 ədəd ərik qurusu dəmlənilir. Səhər dəmləmə süzülür və gün ərzində adi çay kimi içilir. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal və 1 dilim limon əlavə edin.
2. 1 portağalın qabığını, 1 alma (qabıqlı), 1 tikə (3-4 sm) təzə zəncəfil doğranılır, termosda 1/2 l qaynar suda axşamdan dəmlənilir və növbəti gün ərzində çay kimi içilir.
3. Təzə meyvə-tərəvəz, göyərtilərdən hazırlanmış istənilən kokteyllər (smuzi) də hipovitaminoz zamanı çox faydalıdır. Məsələn, 1 kök + 1 alma + 1/2 banan və ya 1 kivi + 1 banan və s. Zövqünüzə görə müxtəlif variantlar fikirləşə bilərsiniz.
Saglamolun.Az