Saçların tökülməsi, düzgün baxım, saçların uzadılması, keratin... - Trixoloqla MÜSAHİBƏ

“Saç insanın ən təbii aksessuarıdır”- deyirlər.  Bir tərəfdən də bu təbii aksesuar insanların yaralı yeri,  əhəmiyyətli problemlərindən biridir.

Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır. Xüsusilə gənclər bunu daha ağır qəbul edirlər.  

Saç tökülməsinin səbəbləri,  saça mənfi təsir edən məsələlər barədə həkim-trixoloq Gültəkin Abdullayeva Modern.az-a ətraflı müsahibə verib.

- Saçı tökülən insan ilkin olaraq nə etməlidir, ümumiyyətlə, bu prosesin konkret səbəbləri varmı?

- Bəzən saç genetik səbəbdən tökülür, amma insanlar bunu başqa  hadisələrlə əlaqələndirməyə başlayırlar. İlk növbədə saç tökülməsi problemi olan adam həkimə müraciət etməlidir. Elələri də olur ki, həkimə müraciət etmədən əvvəl mezoterapiya edən mütəxəssisə üz tuturlar. Həmin mütəxəssis bəzi hallarda kömək edə bilsə də, əksər hallarda  müalicənin təsiri olmur, əksinə vaxt uzanır. Mezoterapistdən də lazımi köməyi ala bilməyəndə həkimə müraciət edirlər. 

Bu yanaşma düzgün deyil. İlk olaraq trixoloji diaqnostikadan keçmək lazımdır. Çünki bəzən olur ki, insanlar külli miqdarda pul töküb müxtəlif klinikalarda analizlər verirlər. Halbuki həmin analizlər səbəbin aydınlaşdırılması üçün önəmli olmur. Trixonoloji diaqnostika isə pasientə hansı analizlərin verilməsinin lazım olduğunu göstərir. Əgər analiz verilən nahiyələrdə problem olarsa, o istiqamətdə müalicə aparılır və saç tökülməsinin qarşısını almaq mümkün olur.

- Qəbul etdiyimiz ağrıkəsicilərin, dərmanların saçlarımız üçün mənfi təsiri ola bilər?

- Elə hal olur ki, pasient təlaşla müraciət edir ki, saçım səbəbsiz yerə tökülür. 3-4 ay əvvəl hər hansı xəstəlik yaşadığını, qəbul etdiyi dərmanların ona mənfi təsirini unudur. Xüsusilə qadınların hormonal problemlərlə bağlı qəbul etdiyi dərmanların bəziləri anında, bəziləri də tədricən öz mənfi təsirini  göstərir.

Əgər xəstənin hər hansı orqanı ilə əlaqədar saç tökülürsə, o zaman həmin o orqanın müalicəsi saç tökülməsinin müalicəsi ilə eyni zamanda davam etdirilir.

- Neçə yaşdan sonra saçların tökülməsi normaldır?

- 35 yaşdan sonra saçların bölünmə, artma keyiyyəti azalmağa doğru gedir. Lakin androgenetik tökülmə var ki,  bu da özünü 15-16 yaşında cinsi hormonlar ifraz olunmağa başlayan zaman göstərə bilər.

Ona  görə də tökülmə ilə əlaqədar konkret bir yaş demək olmur. Lakin saçı gur və heç bir problemi olmayan insanda belə 35 yaşdan sonra saç tökülməyə və daha gec uzanmağa başlayır.

Saçın tökülməsi genetik cəhətdən də ola bilər. Əgər ananın saçı hər hansı səsəblə tökülübsə, bu, gələcəkdə uşaqda və ya qadının nəvəsində özünü göstərə bilər. Ümumiyyətlə, genetika elə bir anlayışdır ki, onun övladda, yoxsa nəvə-nəticələrdə, hansı nəsildə özünü göstərəcəyi  bəlli deyil. Genetik səbəbdən dolayı saçın gələcəkdə tökülüb tökülməyəcəyini uşağın 15-16 yaşı olanda  bilmək olur.

- Saçlarmızın tökülməsi kimi problemimizin olduğunu nə vaxt bilə bilərik, yəni nə qədər tük töküldükdə?

- Saçın tökülməsini tökülən tükün miqdarı ilə yox, saçda yaranan seyrəlmə ilə bilmək olar. Bəzən elə hal olur ki, pasientin saçından 3-5 tel düşür, lakin narahat olur. Bəzi insanlar da olur ki, saçı darayarkən çox tökülsə də, bunu problem etmirlər. Buna da səbəb birinci şəxslərdə artıq 3-5 tüklə seyrəkliyin yaranması, ikinci qrupda isə tökülməyə rəğmən saçda  fərqin olmamasıdır.

Buna görə də saçın tökülməsi zamanı dərinin görünməsi, seyrəlmənin müşahidə olunduğu bir vaxtda həkimə müraciət etmək lazımdır.

Ümumiyyətlə, saçı  xeyli miqdarda tökülən, lakin sonradan bərpa olunan insanların saç tökülməsi ilə bağlı həkimə müraciət etməsinə heç bir ehtiyac yoxdur.

- Qadınlar son zamanlar keratinlə saçlarını düzləşdirirlər və ya qaynaq edirlər, buna münasibətiniz necədir?

- Keratinlə saç düzləşdirmək, qaynaq həm saçı tökür, həm də uzanmasına mane olur.

Keratinlə saç düzləşdirən ustalar işlərini tərif edib deyirlər ki, proseduru həyata keçirərkən  istifadə edilən məhsulun tərkibi ziyanlı deyil, vitamin var. Lakin saçın strukturunu dəyişən kimyəvi maddə necə ziyansız ola bilər? Hansı ki, o maddə buruq saçı tamamilə düz edir. Tərkibində nə qədər vitamin olsa da, kimyəvi maddələrsiz  bu cür proseduru yerinə yetirmək mümkünsüz olar. Həmin maddələr də  hamıya bir cür təsir edir. Elə insanlar var ki, saçları çox güclü olur və ziyan az dəyir. Lakin  demək olar ki, əksər hallarda saçda mənfi təsirlərin çox olması ilə üzləşirik.

Qaynaq isə saçın çəkisini olduğundan daha ağır edir ki, bu da tökülmə və ya saçın çox gec uzanması  ilə nəticələnir. 

Ciddi ehtiyac olmadığı halda bəylərə də saç əkilməsi məsləhət deyil. Əgər bir yerə cərrahi müdaxilə olunursa,  qan dövranının pozğunluğu və s. kimi problemlərin müşahidə olunması normal haldır. Lakin saç örtüyünü heç bir vasitə ilə bərpa etmək mümkün deyilsə, cərrahi müdaxilənin müsbət tərəfini, yəni görüntünü əsas götürmək lazımdır.

Lakin 25 yaşdan aşağı kişilərdə, yəni saç örtüyü tam zədələnməmiş şəxslərdə müalicə ilə daha müsbət nəticə əldə etmək olar, nəninki cərrahi müdaxilə ilə.

- Fəsil dəyişkənliyi, stress saçlarımızı tökə bilər?

- Fəsil dəyişkənliyi  saç tökülməsinə səbəb ola  bilər. Xüsusilə payızda, avqust-sentyabr aylarında saçı tökülənlərin sayı artır.  İnsanlar da var ki, qış aylarında düzgün qidalanmır. Belə olan halda yaz aylarında həmin şəxslərdə saç tökülməsi müşahidə oluna bilir. 

İnsan əhval-ruhiyyəsinin də  saça xüsusi təsiri var. Ümumiyyətlə, stress mənşəli saç tökülməsi hallarına tez-tez rast gəlirik. Bu cür mənşəli tökülmə digər səbəblərdən dolayı saç tökülmələri içərisində ən ağırıdır. Bu hal necə baş verir? Orqanizmdə olan bütün orqanlar kimi baş dərisinin də sinir və damar təchizatı var. Stress zamanı saç dərisində xüsusi maddələr əmələ gəlir ki, bu da saçların ətrafında yığışaraq ümumi saçın fəaliyyətini pozur.  Hansısa güclü stress  keçirmiş və ya  psixoloji gərginlik vəziyyətində olan insanların saçında təbii olaraq hər zaman  problem yaranır.

- Dieta saxlayanda çəki itiririk, eyni zamanda da saçlarımızı. Bunun səbəbi  nədir?

- Dieta saxlamaq qadınları formada saxlasa da, saçlarına mənfi təsir edir.  Dietaların da müxtəlif növü var. Həkimlər tərəfindən müəyyən olunan dietaların bir çoxu orqanizmə ziyan verməsə də, saçlara mənfi təsir göstərir.

Dietoloqa müraciət edən şəxs tez bir zamanda nəticə gözləyir. Hər nə qədər sağlam diet olsa da, qısa  müddət ərzində 7-8 kiloqramın itirilməsi orqanizm üçün stressdir. Belə olan halda insan orqanizmi başlayır qida maddələrini qənaət rejiminə keçirməyə. Qənaət rejimi nədir?  Diet halına keçərkən artıq insan bədəni müşahidə edir ki, əvvəl qəbul olunan qidaya nisbətdə hazırda qəbul olunan qidanın miqdarı daha azdır. Orqanizm  elə başa düşmür ki, insan bunu bilərəkdən edir. O, elə anlayır  ki, insan xəstədir, ya da qida maddəsi çatışmır və başlayır qənaət rejiminə.

Saç ikinci  dərəcəli orqandır. Orqanizm də ilk növbədə həyati vacib orqanları qida ilə təmin edir, ikinci dərəcəli üzvlər qidalanmır. Belə olan halda da saç tökülməyə başlayır.

Elə hal da olur ki, qadınlar tam savadsız şəkildə dieta edirlər. Yəni həftə ərzində heç nə yemirlər və yalnız bir meyvə və ya tərəvəzlə davamlı qidalanırlar. Təbii ki, bu da qidalı maddələrin çatışmadığı bir bədəndə saç probleminin yaranmasına gətirib çıxarır.

- Ümumiyyətlə, hansı qidalar saçlarımıza xeyirdir və ya əksinə?

- Saç üçün vacib olan və  tamamilə ziyanlı olan qidalar var. Əvvəl saça müsbət təsir göstərən qidalardan danışım.  Birinci növbədə zülallı məhsulları qeyd edərdim ki, bura da ət, toyuq, balıq və  paxlalı  bitkilər daxildir. 

Yaxşı olardı ki, yağlardan “Omeqa 3”, zeytun yağı heyvani yağlara nisbətən daha çox istifadə edilsin.  Bundan başqa, bütün meyvə və tərəvəzlər saça müsbət təsir göstərir.

Bu sadaladıqlarımın içərisində ən xeyirliləri zeytun yağı, qoz, fındıq və badamdır.

Saça ziyan edən qidalara gəldikdə isə onu deyim ki, bütün kimyəvi tərkibli qidalar saça mənfi təsir göstərir. Kimyəvi tərkibli məhsullar dedikdə xüsusilə “fast food” məhsullarını vurğulamaq istərdim. Bu tip qidaların hamısı saça hədsiz dərəcədə ziyandır. Bundan əlavə, çox karbohidratlı məmulatlardan, unlu qidalardan, şirin içkilərdən uzaq olmaq lazımdır.

- Mühit dəyişkənliyi necə, bizə, daha doğrusu saçlarımıza əks təsir göstərə bilər?

- “Mühit dəyişkənliyindən dolayı saçım töküldü”- deyən pasientlər bizə  çox müraciət edir. El arasında belə bir deyim var “suyumu dəyişdim”. Saç tökülməsini də bəzən rayondan şəhərə və ya əksinə gedən insanlar bu  məsələ ilə əlaqələndirirlər. Lakin onu deyim ki, mühit dəyişikliyinin saç tökülməsinə səbəb olacağı barədə elmi əsas yoxdur.

- Saçlarımızı xına ilə, yoxsa adi rənglərlə boyasaq, yaxşı olar ?

- Hazırda saç rənglənməs ilə bağlı qadınlara məsləhət verməkdə çətinlik çəkirəm. Ona görə ki, bazar çox zəngindir və  çeşid çoxdur. Hətta xınanın  belə təbiliyi barədə fikrim yoxdur. Saçları rəngləmədən gəzmək də mümkün deyil.  Çalışmaq lazımdır ki, daha keyfiyyətli və brend olan məhsulları istifadə edək.

- Saç uzanması ilə bağlı müsbət nəticə əldə etmək hər zaman mümkündür?

- Bəzən qadınlar saç uzanmasını tezləşdirmək üçün həkimə müraciət edirlər, lakin nəticə əldə edə bilmirlər.  Elə xanımlar var ki, doğuşdan saçları çox gec uzanır. Bunu hər hansı həkim və ya müalicə üsulu həll edə bilməz.  Çünki qadının genetikası əvvəldən belədir. Lakin saçı əvvəllər tez uzanan sonradan problem yaşayan və tez uzanmasını istəyən xanımlarda müalicə üsulu ilə uğurlu nəticə əldə etmək mümkündür. Hardasa 3 ay ərzində aparılan müalicə  proseduru öz müsbət təsirini göstərir.

- Hamiləlik müddətində saçlarının yaxşı inkişaf etdiyini deyən qadınlar doğuşdan sonra saç tökülməsi kimi problem yaşayırlar. Bunun səbəbi nədir, əvvəlki saçlar zamanla bərpa oluna bilir, ya yox?

- Xalq arasında belə bir deyim var, “uşaq anasının üzünə güləndə saçı tökülür”. Hətta elə xəstələrimiz olub ki, öz övladına müəyyən müddət çox yaxın getməyib ki, birdən üzünə gülər, saçı tökülər.

Hamiləlik müddətində saç çox yaxşı inkişaf edir. Çünki dölün böyüməsi üçün qadın hormonları hamiləlik müddətində çox yüksəyə qalxır. Artıq uşaq dünyaya gələndən sonra yavaş-yavaş hormonal fon aşağı düşür. Belə olanda saç güclü şəkildə tökülməyə başlayır. Bayaq dediyim məsəl də bundan qaynaqlanır.

Övladını dünyaya gətirən ana 3-4 aydan sonra saç tökülməsi problemi yaşayır. Uşaq da ananın 3-4 aylığında tanıdığı üçün belə bir məsəl uydurublar. Lakin qadınlarımız narahat olmasın. Çünki uşağın 1 yaşı tamam olanadək saç tökülməsinin qarşısı amamilə alınır və saç əvvəlki formasına qayıdır.

- Saçımızı gün ərzində neçə dəfə daramalıyıq?

- Gün ərzində saçları mütləq bir dəfə daramaq lazımdır. Bəzi hallarda saçı tökülən insanlar daraq istifadəsindən daha çox tökülmə olar deyə  çəkinirlər. Lakin bir saç tökülməyə başlayıbsa, artıq daraqdan imtina etməklə onun qarşısını almaq olmur.  Daraqdan istifadə saç üçün xeyirlidir. Qan dövranı yaxşılaşdırır, başın dərisi  masaj olunur.  Lakin xeyirdir deyə gün ərzində bir neçə dəfə daramaq şərt deyil. Xanımlara onu məsləhət görərdim ki, saçlarını hörsünlər. Xüsusilə yatarkən saçları hörmək onların zədə almasının qarşısını alır.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar