Hollandiyalı iflic xəstəsi Gert-Jan Oskam İsveçrədə hazırlanmış və beyin və onurğa beyni arasında əlaqə yaratmağa imkan verən iki elektron implantın yer aldığı "rəqəmsal körpü" adlı layihə sayəsində 12 ildən sonra yenidən yeriməyə başlayıb.
Bununla İsveçrə alimləri iflic olan xəstələrə bir ümid veriblər. 2011-ci ildə yol qəzasından sonra iflic olan 40 yaşlı hollandiyalı Gert-Jan Oskam beyninə yerləşdirilən iki elektron implant sayəsində ayağa qalxıb. Beyin və əzələlər arasında əlaqəni bərpa edən bu sistem onun fikirlərini hiss edərək onurğa beyninə ötürür və yerimə mexanizmini stimullaşdırır.
Sistemdə beynin ayaq hərəkətlərini idarə edən bölgəsinə yerləşdirilən iki disk formalı elektron implantdan biri Oskamın düşüncələrini aşkar edərək onurğa beyninə ötürür. Digər implant isə onurğa beyninin ayaqları idarə edən hissəsinə yerləşdirilib. İmplantlar bir-biri ilə əlaqə qurur və Oskamın yerimə qabiliyyətini bərpa etməyə imkan verir. Sistemin sinir hüceyrələrində bərpaya səbəb olduğu da deyilir.
İsveçrə Federal Texnologiya Universitetinin professoru Gregoire Courtine bildirib ki, bu system düşüncəni hərəkətə çevirir.
“Biz düşüncəni hərəkətə çevirən beyin-kompüter interfeysi texnologiyasından istifadə edərək beyin və onurğa beyni arasında interfeys yaratdıq. Beləliklə, rəqəmsal körpü ilə ayaqların hərəkətinə nəzarət edən beyin və onurğa beyni arasında əlaqəni bərpa edə bildik”,-deyə mütəxəssis qeyd edib.
Pasiyent əməliyyatdan sonra hər dəfə 100 metrdən çox pilləkən qalxıb. Daha sonra gündəlik həyatına əvvəl olduğu kimi davam edib.
“Nature” jurnalında dərc olunan araşdırmanın ilkin mərhələdə olduğu və bu sahədə digər tədqiqatlara öncülük etdiyi bildirilib.
medicalmedia.az
Saglamolun.Az