Körpələr üçün yeni texnologiya - Skinkubator

VAXTINDAN ƏVVƏL DOĞULAN KÖRPƏLƏR İNKUBATOR MÜHİTİNDƏ QALIR

ABŞ-də vaxtından əvvəl doğulan körpələrin valideynləri ilə daha erkən və uzunmüddətli dəri təmasına imkan verən eksperimental cihaz sınaqdan keçirilir. “Skincubator” adlanan bu texnologiya valideynlərə tibbi nəzarət altında olan körpələrini sinələrinə alaraq qucaqlarında saxlamağa şərait yaradır.

CNN-in məlumatına görə, cihazdan ABŞ-də istifadə edən ilk ata Dorian Ojemen olub. Onun həyat yoldaşı Tiffani Ojemen əkizlərini hamiləliyin 26-cı həftəsində dünyaya gətirib. Valideynlər körpələrini doğulduqdan təxminən 10 gün sonra qucaqlarına ala biliblər.

“Skincubator”un əsas üstünlüyü körpənin nəfəsalma dəstəyi, tibbi borular və digər həyati əhəmiyyətli avadanlıqlarla əlaqəsi qorunmaqla valideynin sinəsinə yerləşdirilməsidir. Cihaz körpənin istilik və rütubət şəraitinin saxlanmasına, onun təhlükəsiz şəkildə köçürülməsinə kömək edir.

Dəri-dəriyə təmas körpənin ürək döyüntülərinin və tənəffüsünün sabitləşməsinə, böyüməsinə, yuxusuna və beyin inkişafına müsbət təsir göstərə bilər. Bu yaxınlıq valideynlə körpə arasındakı emosional bağın güclənməsinə də kömək edir.

ABŞ-də Hyuston şəhərindəki Children’s Memorial Hermann Hospital bu cihazı neonatal intensiv terapiya şöbəsində klinik sınaq çərçivəsində tətbiq edən ilk xəstəxanadır. Texnologiya hələ eksperimental mərhələdədir və onun təhlükəsizliyi ilə effektivliyi araşdırılır.

 

Saglamolun.Az