Gənclərə siqaret qadağası qoyuldu

YENİ QANUN


Böyük Britaniya hökuməti tütünlə mübarizə sahəsində yeni qanun qəbul edib. Qanuna əsasən, 2008-ci il və daha sonra doğulan şəxslərə tütün məmulatlarının satışı ömürlük qadağan ediləcək. Bu siyasət çərçivəsində minimal satış yaşı hər il bir yaş artırılacaq və beləliklə, gənc nəsillərin siqaretə çıxışı tamamilə məhdudlaşdırılacaq.
Yeni qaydalar yalnız ənənəvi siqaretləri deyil, həm də elektron siqaretlər və tütün qızdırıcı cihazları əhatə edir. Bundan əlavə, uşaqların qorunması məqsədilə avtomobillərdə, məktəblərin ətrafında və uşaq meydançalarında elektron siqaret istifadəsinə də məhdudiyyətlər nəzərdə tutulur.
Hökumət bu addımı “siqaretsiz nəsil” formalaşdırmaq istiqamətində mühüm mərhələ kimi qiymətləndirir. Tədqiqatlara görə, belə yanaşma əhalinin sağlamlığını yaxşılaşdıracaq və on minlərlə əlavə sağlam həyat qazandıracaq.
Qeyd edək ki, Avropanın bir sıra ölkələri də son illərdə tütün və nikotin məhsullarına nəzarəti gücləndirərək gənclər arasında siqaret çəkmə hallarını azaltmağa çalışır.

"Hər şokolad sağlamlığa faydalı deyil"

ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Kakao tərkibli məhsullar sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə tanınır. Müxtəlif beynəlxalq araşdırmalar, Avropa alimlərinin tədqiqatları və ABŞ-da aparılan genişmiqyaslı COSMOS (Cocoa Supplement and Multivitamin Outcomes Study) layihəsi göstərib ki, kakao flavanollar və teobromin kimi bioaktiv maddələrlə zəngindir. Bu maddələr antioksidant və iltihabəleyhinə təsir göstərir, ürək-damar sağlamlığını dəstəkləyir və koqnitiv funksiyalara müsbət təsir edir. Hətta bəzi nəticələr kakao qəbulunun ürək-damar xəstəliklərindən ölüm riskini azaltdığını göstərib. Bununla yanaşı, Böyük Britaniyada yerləşən Kral Kolleci Londonun alimləri teobrominin bioloji yaşlanmanın ləngiməsi ilə əlaqəli ola biləcəyini bildirib.
Lakin mütəxəssislər vurğulayıb ki, kommersiya şokoladları, yəni sənaye üsulu ilə istehsal olunan şokoladlar eyni dərəcədə faydalı deyil. Süd və ağ şokoladlarda şəkər və yağ çox, faydalı maddələr isə az olur. Ən yaxşı seçim flavanol baxımından daha zəngin olan tünd şokolad hesab edilir.
Buna baxmayaraq, şokoladın gündəlik qida kimi deyil, az miqdarda və ölçülü şəkildə istehlakı tövsiyə olunur.

Şəkər məhlulu körpələrə ağrıkəsici təsir göstərir - Araşdırma


Yeni araşdırmaya görə, şəkər məhlulunun bir neçə damcısı xəstəxanada tibbi prosedurlar zamanı körpələrin ağrısını azalda bilər. Elmi təhlillər göstərir ki, iynə və ya qan analizi kimi prosedurlardan əvvəl körpənin ağzına verilən şəkər məhlulu ağrını xeyli yüngülləşdirir.
Araşdırmada dünyanın müxtəlif ölkələrindən 2 764 körpənin iştirak etdiyi 29 tədqiqatın nəticələri təhlil olunub. Nəticələr göstərib ki, şəkər verilən yeni doğulmuşlarda prosedur zamanı və ondan dərhal sonra ağrı səviyyəsi digər körpələrlə müqayisədə daha aşağı olub. Hətta bəzi hallarda bu üsul əmzikdən istifadə ilə müqayisədə daha effektiv hesab edilib.
Mütəxəssislər bildirib ki, yeni doğulmuş körpələrin ağrıya qarşı reaksiyası böyüklərdən fərqlidir və onlar tibbi müdaxilələri daha kəskin hiss edə bilir. Bundan əlavə, onun uzunmüddətli istifadəsinin mümkün təsirləri ilə bağlı əlavə tədqiqatların aparılmasına ehtiyac var.

Banan menstruasiya ağrılarını azaldır

ARAŞDIRMALAR DA BUNU TƏSDİQLƏYİRMİ?


yaranan ağrılar bir çox qadın üçün ciddi narahatlıq yaradır. Qarında sancı və spazmlar əsasən prostaglandin hormonlarının təsiri ilə uşaqlığın yığılması nəticəsində baş verir. Bu dövrdə sadə qidalanma dəyişiklikləri belə vəziyyəti bir qədər yüngülləşdirir. Mütəxəssislər qeyd edib ki, banan bu baxımdan faydalı seçimlərdən biridir.
Bananın tərkibində olan maqnezium, B6 vitamini və kalium əzələlərin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir. Elmi araşdırmalar da bu təsirləri təsdiqləyib. “Nutrients” və “Magnesium Research” jurnallarında dərc olunan məlumatlara əsasən maqneziumun menstruasiya zamanı spazmların azalmasına kömək edir.
Aparılan klinik müşahidələr isə prostaglandinlərin menstruasiya ağrısının əsas mexanizmi olduğunu göstərib. Bundan əlavə, B6 vitamini əhval dəyişikliklərini və şişkinliyi yüngülləşdirməyə, kalium isə yorğunluğu azaltmağa dəstək olur.

 

Gecələr Wİ-Fİ şəbəkəsini söndürməyənlərə xəbərdarlıq!

MÜTƏXƏSSİSLƏR İZAH EDİR


Mütəxəssislər gecə saatlarında Wi-Fi şəbəkəsini söndürməyi faydalı vərdiş hesab edir. Onların fikrincə, bu sadə addım həm yuxu keyfiyyətinə, həm də ümumi həyat tərzinə müsbət təsir göstərir.
Bildirilir ki, simsiz qurğular fasiləsiz elektromaqnit dalğaları yayır və bu təsirin uzunmüddətli nəticələri hələ də araşdırılır. Gecə saatlarında şəbəkəni deaktiv etməklə orqanizm üçün daha sakit mühit yaratmaq mümkündür. Bu isə daha dərin və keyfiyyətli yuxuya şərait yaradır. Bundan əlavə, router və ona qoşulan cihazlar istifadə olunmadıqda belə enerji sərf edir. Wi-Fi-nin mütəmadi söndürülməsi elektrik xərclərinin az da olsa azalmasına və enerjidən daha səmərəli istifadəyə kömək edir.
Ekspertlər həmçinin rəqəmsal gigiyenanın əhəmiyyətini vurğulayıb. İnternetə gecə saatlarında çıxışın məhdudlaşdırılması sosial şəbəkələrdə uzunmüddətli vaxt itkisini azaldır, informasiya yüklənməsinin qarşısını alır və istirahət rejiminin formalaşmasına dəstək verir.