YENİ QANUN

Böyük Britaniya hökuməti tütünlə mübarizə sahəsində yeni qanun qəbul edib. Qanuna əsasən, 2008-ci il və daha sonra doğulan şəxslərə tütün məmulatlarının satışı ömürlük qadağan ediləcək. Bu siyasət çərçivəsində minimal satış yaşı hər il bir yaş artırılacaq və beləliklə, gənc nəsillərin siqaretə çıxışı tamamilə məhdudlaşdırılacaq.
Yeni qaydalar yalnız ənənəvi siqaretləri deyil, həm də elektron siqaretlər və tütün qızdırıcı cihazları əhatə edir. Bundan əlavə, uşaqların qorunması məqsədilə avtomobillərdə, məktəblərin ətrafında və uşaq meydançalarında elektron siqaret istifadəsinə də məhdudiyyətlər nəzərdə tutulur.
Hökumət bu addımı “siqaretsiz nəsil” formalaşdırmaq istiqamətində mühüm mərhələ kimi qiymətləndirir. Tədqiqatlara görə, belə yanaşma əhalinin sağlamlığını yaxşılaşdıracaq və on minlərlə əlavə sağlam həyat qazandıracaq.
Qeyd edək ki, Avropanın bir sıra ölkələri də son illərdə tütün və nikotin məhsullarına nəzarəti gücləndirərək gənclər arasında siqaret çəkmə hallarını azaltmağa çalışır.
Saglamolun.Az



















