AMERİKA ÜRƏK ASSOSİASİYASI

Gec yatmağın ürək və damar sağlamlığı üçün ciddi risklər yaratdığı müəyyən edilib. Yeni araşdırmaya görə, müntəzəm olaraq gec saatlarda yuxuya gedən insanlar infarkt və insultla daha çox üzləşir. Tədqiqat göstərib ki, “gecə aktiv” həyat tərzi sürənlərin ürək-damar xəstəlikləri riski erkən yatanlarla müqayisədə 16 faiz yüksəkdir.
Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan araşdırmada orta yaşı 57 olan 300 mindən çox yetkin insan iştirak edib. İştirakçıların təxminən 8 faizi özünü “bayquş” tipi kimi xarakterizə edib, yəni gec yatdıqlarını və günün ikinci yarısında daha aktiv olduqlarını bildirib. Alimlər onların çəki, xolesterin, qan şəkəri və təzyiq göstəricilərini, eləcə də həyat tərzini təhlil edib.
Nəticələrə əsasən, gec yatanlarda ürək-damar problemlərinin yayılma ehtimalı 79 faiz daha çox olub. Bu əlaqə xüsusilə qadınlarda daha güclü müşahidə edilib. Mütəxəssislər bunu bioloji saatın – sirkadiyal ritmlərin pozulması ilə izah edib. Gec yatmaq tez-tez qeyri-sağlam qidalanma, siqaret çəkmə və yuxu çatışmazlığı ilə müşayiət olunur ki, bu da ürəyə əlavə yük yaradır.
Saglamolun.Az



















