MÜTƏXƏSSİS İZAH EDİR
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova SEHİYYE.GOV.AZ saytına verdiyi müsahibədə “Ürək xəstələri necə qidalanmalıdır?” sualına cavab verib.
Mütəxəssis qeyd edib ki, doğru qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi, xolesterini normada saxlamağa yardım edir.
Həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Həmçinin, yemək bişirilməsində heyvani yağlardan istifadə (quzu, qoyun piyi, kərə yağı) damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun, günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan daha çox yeməyi suda bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır.
Həmçinin, həftədə ən azı 1–2 dəfə balıq yemək tövsiyə olunur, çünki omeqa-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır, deyə Kardiologiya İnstitutunun direktoru bildirib.
Gülnaz Dadaşova əlavə olaraq qeyd edib ki, gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir.
Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür.
Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimuma endirmək lazımdır.
Həmçinin, maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır, deyə professor vurğulayıb.
Saglamolun.Az