Doğuşdan sonra psixi pozuntu kütləvi hal alıb


ARAŞDIRMA
İsveçdə aparılan və “Molecular Psychiatry” jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonrakı həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir.
Məlum olub ki, doğuşdan 5–15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlə müqayisədə 20% daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonrakı ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə iki dəfə artır.
Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir, lakin düzgün müalicə ilə tam sağalma mümkündür.
Tədqiqat 2003–2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.
ÜST-nın məlumatına görə, dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13%-i psixi pozuntular yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonrakı dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.

Saglamolun.Az