Appendisit – yoğun bağırsağın soxulcanabənzər artımının (appendiks) iltihabıdır.
Appendisitin əsas simptomları qarında ağrılar, ürəkbulanma, bəzən qusma, hərarətin qalxmasından ibarətdir.
Ağrılar o qədər şiddətli olur ki, uşaq saatlarla sağ böyrü üstə hərəkətsiz uzanır, bəzən gecələr yata bilmir.
Bu simptomlar aşkar edilən kimi, təxirəsalınmadan uşağı pediatra və cərraha göstərmək lazımdır. Diaqnoz təsdiq olunduğu halda, uşağ təcili olaraq cərrahi əməliyyata götürülür.
Appendisit diaqnozu vaxtında qoyulub cərrahi əməliyyat aparılmazsa, bu, ağır fəsadlara səbəb ola bilər. İrinləmiş appendiks (soxulcanabənzər çıxıntı) partlayaraq onun möhtəviyyatı qarın boşluğuna yayıla bilər (peritonit) və bu çox pis fəsadlarla nəticələnə bilər.
Digər hallarda isə iltihablaşmış appendiksin ətrafında infiltrat yığılır. İnfiltrat daha sonra ya sorula, ya da irinləyə bilər.
Hər iki hal (peritonit və infiltratın əmələ gəlməsi) üşağın sağlamlığı və hətta həyatı üçün çox təhlükəli hesab edilir. Ona görə də appendisitə ilkin şübhə yaranan kimi, uşağı diqqətlə və hərtərəfli olaraq müayinə etdirmək, diaqnoz dəqiqləşdiyi halda isə təcili əməliyyat etdirmək lazımdır. Unutmayın, özbaşına buraxılmış appendisit öz fəsadları ilə çox təhlükəlidir!
Saglamolun.Az