Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil

Atalar "Uşaq yıxıla-yıxıla böyüyər" deyiblər. Ona görə də təzə yeriməyə başlayan, uşağın büdrəməsindən, stuldan, divardan tuta-tuta gəzməsindən, hətta bir qədər gec yeriməsindən qətiyyən narahat olmaq lazım deyil.

Əsas odur ki, addım atsın. Addımlar nə vaxtsa yerişə çevriləcək!

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib: "Uşağı tez yeritməyə çalışmaq onun sümüyündə deformasiyalara səbəb olur. Xüsusilə ağır çəkili uşaqlarda yastıpəncəlik problemi yarana bilər. Onurğada müəyyən əyriliyə, deformasiyaya, kefoz, skolioz, onurğanın önə və arxaya əyilməsi baş verə bilər. Eləcə də vaxtından qabaq ayaq üstə duran və yeriyən uşaqların bud-çanaq oynağında sürtülmələr əmələ gələ bilər".

Həkimin dediyinə görə, 8-9 ayına çatmayan uşaqları nəinki yeritmək, hətta ayaq üstə qoymaq da olmaz. Uşağın tez və ya gec yeriməsi onun ayaq üstə qoyulmasından asılı deyil: "Bəzən bir yaşına çatmış uşaq tam sağlam olmasına baxmayaraq yerimir. Hər bir uşaq orqanizminin yeriməyə hazır olmaq vaxtı var. Orqanizm yeriməyə hazırdırsa, uşaq özü qalxıb yeriyəcək. Uşaq təxminən 10-11 aylığından addım atmağa başlayır və təxminən 1 yaşında heç yerdən tutmadan bir neçə addım atır".

Həmin proses 1 yaş 8 aylığına qədər davam edə bilər. Əgər uşaq 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu, tibdə patologiya sayılır. Nevroloq və ya pediatr onun səbəblərini aşkar etməlidir. Bəzən doqquz aylıq uşaqların yeriməsi onda əzələ qıcıqlanmasının yüksək olması, sümüklərin inkişafı və genetik səbəblərlə əlaqədardır. Əzələ hissiyyatı olan uşaqlar tez ayaq üstə dayanır, lakin ayaqlarını tam yerə qoymur və barmaq uclarında dayanır. Gimnastik hərəkətlər və masajla həmin halı aradan qaldırmaq mümkündür.

Saglamolun.Az




 

 

 

Bel və oynaqlarda ağrılar var? - AERTAL kremi

 


Яндекс.Метрика