Corc Vaşınqton Universitetində (ABŞ) çalışan torakal cərrah Kim Mortman koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, doktor Mortman koronavirusun ağciyərə təsirini və bu virusun təhlükəsini göstərmək üçün koronavirusa yoluxmuş insanın ağciyərinin virtual görünüşünü hazırlayıb.
Həkim qeyd edir ki, koronavirus pnevmoniyası zamanı ağciyərin hər hansı bir hissəi deyil, bütün orqan zədələnir. Məhz bu səbəbdən xəstələrin bir hissəsinin vəziyyəti çox tez ağırlaşır və onlar müstəqil şəkildə nəfəs ala bilmədiyi üçün süni tənəffüs aparatlarına qoşulurlar. Videoda sarı rəngdə olan sahələr iltihablaşmış sahələrdir.
Həkim vurğulayıb ki, belə ağır fəsadlar tək yaşlı insanlarda deyil, cavanlarda da inkişaf edə bilər.
“Koronavirus ağır ağciyər iltihabına səbəb olur. İltihab azalanda ağciyər toxumasında çapıqlar yaranır ki, bu da insana uzun müddət ərzində normal nəfəs almağa mane olur” , - Kim Mortman qeyd edir.
“İnsanda immuniteti zəiflədən xəstəliklərin olması koronavirusun ağır gedişatının riskini qat-qat artırır. Bu astma və digər xroniki ağciyər xəstəliklərinin və həmçinin artritin müalicəsi üçün steroid preparatlarını qəbul edən insanlara, şəkərli diabet, xərçəng, hipertoniya xəstələrinə aiddir. Biz görürük ki, bu xəstələr koronavirusa qarşı daha həssasdırlar”.
Saglamolun.Az