Xroniki yorğunluq sindromu ən az altı ay davam edən və hər hansı bir tibbi vəziyyətlə izah edilə bilməyən həddindən artıq yorğunluq ilə xarakterizə olunan mürəkkəb bir xəstəlikdir. Yorğunluq fiziki və ya əqli fəaliyyətlə pisləşir, lakin istirahətlə yaxşılaşmır.
Digər xarakterik simptomlara aşağıdakılar daxildir:
- Dinləndirici olmayan yuxu
- Yaddaş, diqqət və konsentrasiya ilə bağlı çətinliklər
- Yatılı və ya oturaq vəziyyətdən ayaqüstə qalxarkən artan başgicəllənmə
Bu vəziyyət həmçinin mialgik ensefalomielit (ME) olaraq da adlandırılır. Viral infeksiyada və ya stressdən tutmuş bir çox nəzəriyyələr olsa da, xroniki yorğunluq sindromunun dəqiq səbəbi məlum deyil. Bəzi alimlər xroniki yorğunluq sindromunun eyni zamanda bir neçə faktor tərəfindən tətikləndiyini düşünürlər.
Əlamətləri
Xroniki yorğunluq sindromunun simptomları insandan insana dəyişir və həmçinin simptomların şiddəti də gündən-günə dəyişir.
Simptomlar aşağıdakılardır:
- Hər zaman özünü son dərəcə yorğun hiss etmək-gündəlik işləri görmək belə çox çətin ola bilər.
- Yaddaş və konsentrasiya ilə bağlı problemlər
- İstirahətdən və ya yatdıqdan sonra da yorğunluq hissinin keçməməsi
- Fiziki fəaliyyətdən sonra enerjini bərpa etmək üçün uzun müddət lazım olur
- Gecə tez-tez oyanmaq kimi yuxu problemləri
Həmçinin bəzi insanlarda digər simptomlar da ola bilər:
- Boğaz ağrısı
- Baş ağrıları
- Boyunda və qoltuqaltında böyümüş limfa düyünləri
- Səbəbsiz əzələ və oynaq ağrıları
- Qripə bənzər simptomlar
- Başgicəllənmə və ya xəstələnmə
- Sürətli və ya nizamsız ürək döyüntüləri (ürək çırpıntıları)
Səbəbləri
Xroniki yorğunluq sindromunun səbəbi hələ də məlum deyil. Bəzi insanlar bu pozğunluğa meylli doğula bilər və bu da sonra amillər bir araya gəlincə tətiklənə bilər.
Tətikləyicilərə aşağıdakılar daxildir:
Viral infeksiyalar: Bəzi insanlar virus infeksiyası keçirdikdın sonra xroniki yorğunluq sindromu inkişaf etdiyinə görə tədqiqatçılar bəzi virusların bu sindromu tətiklədiyini düşünürlər. Şübhəli viruslara Epişteyn-Bar virusu, İnsan Herpes virusu 6 aiddir. Hələlik isə tam əlaqə tapılmayıb.
İmmun sistemin problemləri: Xroniki yorğunluq sindromu olan insanların immun sistemləri bir qədər zəifləmiş kimi görünür, lakin bunun sindroma səbəb olub-olmaması tam bəlli deyil.
Hormonal dizbalans: Xroniki yorğunluq sindromu olan insanlarda bəzən hipotalamus, hipofiz və böyrəküstü vəzilərdə istehsal olunan hormonların qanda səviyyələri normal olmur. Ancaq bu anormallıqların əhəmiyyəti hələ də bilinmir.
Fiziki və psixi travmalar: Bəzi insanlar simptomları başlamadan qısa müddət əvvəl bir yaralanma, əməliyyat və ya önəmli bir psixi stress yaşadıqlarını bildirirlər.
Risk faktorları
Xroniki yorğunluq sindromu riskini artıra biləcək faktorlar bunlardır:
Yaş: Xroniki yorğunluq sindromu hər yaşda üzə çıxa bilər, ancaq ən çox gənc və orta yaşlılarda rast gəlinir.
Cins: Bu diaqnoz qadınlara kişilərə nisbətən daha tez-tez qoyulur. Lakin ola bilər ki, qadınlar simptomları barədə həkimə daha çox məlumat verirlər.
Fəsadları
- Mümkün fəsadları aşağıdakılardır:
- Həyat tərzində məhdudiyyətlər
- İşlərində davamsızlıq
- Sosial izolə
- Depresiya
Diaqnoz
Xroniki yorğunluq sindromu diaqnozunu təsdiqləmək üçün hər hansı bir müayinə yoxdur. Bənzər simptomları olan digər kliniki halları inkar etmək üçün bəzi müayinələrə ehtiyac ola bilər.
Müalicə
Müalicə simptomları aradan qaldırmaq məqsədi daşıyır. Müalicəyə daxildir:
- Koqnitiv davranış terapiyası
- Enerjinin idarə edilməsi - burada sizə simptomlarınızı daha da pisləşdirmədən malik olduğunuz enerjidən ən yaxşı şəkildə necə istifadə etmək barədə məsləhətlər verilir.
- Ağrı və yuxu problemleri kimi simptomları aradan qaldırmaq üçün dərmanlar.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az
Saglamolun.Az