Ürəyin xarici masajı - İnsan həyatını xilas edən texnikanın ƏTRAFLI İZAHI

İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı bu texnikanın köməyi ilə insanın həyatını xilas etmək mümkündür. Bu səbəbdən bu texnikanı hər kəs bilməlidir. Xarici ölkələrdə ürəyin qapalı masajı texnikasına məktəblər, koleclər, xüsusi kurslarda öyrədirlər. 

Ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır.

Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir.

Saglamolun.az bildirir ki, ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır.

Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək iri yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.

Ürəyin xarici masajı 1 yaşından 8 yaşınadək olan uşaqlarda sağ əl ovucunun baş barmağın əsasına yaxın olan hissəsi ilə yerinə yetirilir.

İri yaşlı uşaqlara və böyüklərə yardım göstərərkən xilas edən şəxs onun sol tərəfində dayanıb bir əlinin ovucunu zərərçəkənin döş sümüyünün aşağı 1/3-nə qoyur. Sonra xilasedici digər əlinin ovucunu döş sümüyünün üzərində olan o biri əlinin üzərinə qoyur (bax şəkilə). Qabırğalara təzyiq etməmək üçün əl barmaqlarınızı bir qədər yuxarı qaldırın. Xilasedicinin çiyinləri xəstənin döş qəfəsinin üstündə yerləşməlidir, qollar düzləndirilməlidir.

 Ürəyin xarici masajı döş sümüyünə güclü və sürətli təzyiq edilməsi şəklində aparılır. Bu halda ürək döş qəfəsinin ön tərəfi ilə onurğa sütunu arasında sıxılır ki, bu zaman ürəyin daxilində olan qan ürəkdən xaric olaraq arterial qan damarlarına qovulur. Ürəyə təzyiq edilməsi dayanan kimi, ürək yenidən qan ilə dolur, sonradan döş qəfəsinə təkrarən təzyiq etdikdə bu dövr (“tsikl”) təkrarlanır. Xəstəyə yardım göstərərkən, xüsusən də söhbət uşaqlardan getdikdə, artıq canfəşanlıq etməyin. Əks halda siz zərərçəkənin qabırğalarını sındıra bilərsiniz.

Süni tənəffüs və ürəyin xarici massajı birlikdə icra edəndə əvvəl zərərçəkmişə 2 süni tənəffüs verilir (buna 10 saniyədən çox vaxt getməməlidir) sonra 30 saniyə ərzində ürək massajı edilir. Ürək massajını 1 dəqiqədə təxminən 100-110 dəfə lazımdır (1 hərəkət 1 saniyədən az vaxt tutmalıdır). 

 

Reanimasiyanı 2 nəfər edəndə qayda eynidir: 2 süni tənəffüs və 30 massaj hərəkəti. Bir xilasedici 2 dəfə süni tənəffüs verir, dayanır, Digər xilaedici dərhal 30 massaj edir, dayanır və bu dövr (süni tənəffüs-massaj) yenə təkrarlanır. 

Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilə bilər, süni tənəffüs verilmir. Həmçinin digər hər hansı səbəbə görə süni tənəffüs icra edilə bilməzsə (ağız nahiyəsində yara və s.) yalnız ürək massajı tətdiq edilir. Bu xəstənin həyatını xilas edə bilər.

Hər 1 dəqiqədən bir nəbzin (yuxu arteriyasında) və sərbəst tənəffüsün bərpa olunub-olunmadığını yoxlayın. Əgər ürək fəaliyyəti bərpa olunarsa, ürəyin xarici masajını dayandırmaq, süni tənəffüsü isə tələb olunduğu halda davam etdirmək lazımdır.

Əgər ürəyin masajı nəticə verirsə, bu halda bir qədər keçdikdən sonra, iri arteriyalarda (bud, yuxu) nəbzi əlləmək olur, göy və qara-göy rəngdə olan dəri və dodaqlar isə qızarmağa başlayır, həmçinin sərbəst tənəffüs də bərpa olunur. Bir müddətdən sonra insan özünə gəlir.

Zərərçəkəni mütləq böyür üstə qoyun.

Lakin yerinə yetirdiyiniz ürəyin xarici masajının və süni tənəffüsün effekt vermədiyini görsəniz belə (ürək fəaliyyəti bərpa olunmur və tənəffüs yaranmır), reanimasiya tədbirlərini tibb işçiləri gələnədək mütləq davam etdirin! Çünki zərərçəkənə süni tənəffüs verməklə və ürəyin qapalı masajını etməklə, siz onun orqanizmində (əsasən də beyində) qan dövranını saxlamış olursunuz ki, bu zərərçəkənin sağ qalmaq şansını artırır.

Saglamolun.Az