Kontrasepsiya (hamiləliyin qarşısının alınması) üsulları

Kontrasepsiyanın bir neçə növü var.

Fizioloji kontrasepsiya

Təqvim metodu.

Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün, spermatozoidlər isə qadın orqanizminə daxil olandan sonra 5 günə qədər saxlaya bilir.

Deməli, mayalanma və hamiləliyin ən çox baş verməsi ehtimalı ovulyasiyaya 5 gün qalmış və ovulyasiyadan 2 sonrakı gün ərzində baş verə bilər. Bu da menstruasiya tsiklinin 7-18-ci günlərinə təsadüf edir. Menstrual tsiklinin məhz bu günlərində qadın və kişi, ya digər kontrasepsiya üsullarının birindən istifadə etməli, ya da cinsi əlaqədən ümumiyyətlə çəkinməlidirlər. Bu variant menstrual tsikli müddəti 2-3 günə qədər dəyişilə bilən qadınlara uyğun gəlir.

Temperatur üsulu. Hər səhər (eyni vaxtda olmaqla) yataqdan durmamaq şərti ilə 5 dəqiqə ərzində düz bağırsaqda temperatur ölçülür. Normal menstrual tsikli zamanı ovulyasiya qabağı temperatur 0.2-0.40C enir və ovulyasiya baş verdikdən sonra 370C (və daha çox) artır. Bu zaman cinsi əlaqə nəticəsində hamiləlik baş verməsi təhlükəsi xeyli yüksək olur.

Ümumiyyətlə, yuxarıda qeyd edilən kontrasepsiya üsulları az effektli hesab edilirlər.

Kontrasepsiyanın kimyəvi üsulları

Kimyəvi kontraseptiv preparatlar uşaqlıq yoluna düşmüş spermatozoidləri tələf edir. Buna görə də onlar spermisidlər adlanır. Spermisidlər istifadə üçün daha rahat olub, qısa müddət təsir göstərir və təsadüfi hallarda əlavə narahatlıqlar yaradır. Bundan başqa onlar virus və bakteriyalara öldürücü təsir göstərərək cinsi orqanlarda iltihabi proseslərin inkişafının qarşısını alırlar.

Spermisidlər həb (tablet), şam, pasta, gel, köpük və digər şəkillərdə buraxılır. Onların əksəriyyətinin tərkibində nonoksinol-9 maddəsi olur. Pastalar, gellər, köpüklər tezliklə selikli qişada quruyaraq qoruyucu təbəqə əmələ gətirir. Tablet və şamlardan istifadə etdikdən yalnız 10-15 dəqiqə sonra həll olunduqlarını nəzərə almaq lazımdır.

Öz-özlüyündə kimyəvi üsul o qədər də effektiv deyil. Bu üsulu mexaniki kontrasepsiya üsulları ilə birgə tətbiq etmək məsləhətdir. Spermisidləri qadınlar istənilən yaşda, hətta laktasiya, doğus və abortdan sonrakı dövrlərdə də istifadə edə bilərlər.

Mexaniki kontrasepsiya üsulları

Ən geniş yayılmış mexaniki kontraseptivlərə prezervativ və uşaqlıqdaxili diafraqmalar (həmcinin qapaqcıq və həlqələr) aiddir. Onlar bir vəzifə daşıyırlar ki, bu da spermatozoidlərin daxilə doğru hərəkətinin qarşısını alaraq uşaqlıq borularına daxil olmalarına (son nəticədə mayalanmaya) mexaniki maneə yaratmaqdır.

Qapaqcıq və diafraqmalar uşaqlıq boynuna taxılır. Onların seçilməsində və istifadə edilməsində həkimlə məsləhətləşmək lazımdır. Ginekoloji müayinədən sonra həkim sizə diafraqmanın optimal uyğun növünün və olçüsünün seçilməsində yardımçı olacaq. Bəzi qapaqcıq və diafraqmalar spermatozoidləri məhv edən nonoksinol-9 maddəsi ifraz edərək daha güclü müdafiəni təmin edirlər.

Prezervativlər yalnız bir dəfə istifadə edilən çox rahat və ucuz vasitədir. Onları alarkən yararlıq tarixinə (bu 5 ildir) fikir verin! Prezervativlər həmcinin zöhrəvi xəstəliklərə yoluxmasında (xüsusən spermisidlərlə birgə istifadə edildikdə) qarşısını alır.

Uşaqlıqdaxili kontrasepsiya

Uşaqlıqdaxili vasitələr (UDV) uşaqlıq daxilinə yeridilərək uzun illər ərzində hamiləliyin qarşısını alan kiçik bir qurğudur. Hal-hazırda tərkibində mis olan UDV-dən geniş istifadə olunur. UDV-lər spermatozoidlərin uşaqlıqdan keçməsinə, yumurta hüceyrəsinin uşaqlıq boşluğuna doğru hərəkətinə maneçilik törədir; mayalanmış hüceyrənin uşaqlıq divarına daxil olmasının qarşısını alır.

Bəzi UDV-lərin tərkibində progesteron hormonu olur. Belə UDV-lər hər gün uşaqlıq boşluğuna çox kicik dozalarda (mikrodoza) hormon ifraz edərək, onun seliyinin bərkləşməsinə səbəb olaraq, spermatozoidlərin uşaqlığa daxil olmasına mane olur. UDV-lər yüksək effektivliyə (hamiləliyin baş vermə ehtimalı yalnız 100 qadından 1-də ola bilər) malikdirlər və daxil edilmə anından etibarən 10 ilə qədər müddətdə arzuolunmayan hamiləliyin qarşısını alır. UDV-lər xaric edildikdən çox az bir müddət keçdikdən sonra qadınlar dölyaratma funksiyalarını bərpa edə bilirlər.

UDV-lərdən üzərində yazılmış vaxtdan artıq (son istifadə tarixi) istifadə etmək olmaz, çünki bu zaman cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin inkişaf etməsi təhlükəsi artır. UDV-lərin seçilməsi, uşaqlıq daxilinə daxil və xaric edilməsi yalnız ixtisaslı həkim tərəfindən həyata keçirilir.

UDV-lər uşaqlıq daxilinə menstrual tsiklin istənilən günündə daxil edillə bilər. UDV-lərdən istifadə edilərkən ilk bir neçə ay ərzində menstruasiya zamanı ganaxma və ağrıların əmələ gəlməsi də mümkündür.

İltihabi xəstəliklərin əmələ gəlməsinə səbəb ola biləcəyini nəzərə alaraq UDV-lərdən istifadə etmək doğmamış qadınlara məsləhət görülmür. Çünki bu cinsi yolların iltihabi xəstəlikləri sonsuzluğun əmələ gəlməsinin əsas səbəblərindən biridir.

Uşaqlıqdaxili kontrasepsiya aşağıdakı hallarda mütləq olaraq əks-göstəriş hesab edilir:

- daxili və xarici cinsiyyət orqanlarının kəskin və xroniki iltihabi xəstəlikləri;

- hamiləliyin baş verməsi ehtimalı;

- reproduktiv sistemin onkoloji patologiyaları;

- aydın olmayan etiologiyalı uşaqlıq qanaxmaları;

- UDV-lərin muvəffəqiyyətlə daxil edilməsi və effektiv işlədilməsinə mane olan uşaqlığın patoloji vəziyyətləri (uşaqlıq yolu stenozu, uşaqlığın fibromatozu və s. bu kimi patoloji qüsurları);

- misə qarşı allergiya.

UDV-lərdən istifadə edilməsinin nisbi əks-göstərişləri: öncə baş vermiş uşaqlıqdankənar hamiləlik; qan laxtalanması pozğunluqları (koaqulopatiya); ürək qüsurları; qeyri-requlyar menstruasiya tsikli və ya ağrılı menstruasiyalar. Bu patologiyaların təsadüf etdiyi hər bir halında UDV-lərdən istifadə edilməsinin mümkünlüyü yalnız həkim tərəfindən təyin edilə bilər.

Hormonal kontrasepsiya

Düzgün istifadə edildiyi hallarda müasir hormonal kontrasepsiya ən etibarlı üsul hesab edilir. Onun effektivliyi 100%-ə yaxındır. Bu zaman xüsusi dərman preparatlarından istifadə edilir. Bu preparatlar ovulyasiyanın qarşısını alır, uşaqlıq boynunda seliyin sıxlığını artıraraq spermatozoidlərin uşaqlığa tərəf hərəkətinin qarşısını alır. Onların tərkibində estrogen və progesteron hormonları olur. Daxilə qəbul edilən kontraseptivlərdən həm doğmamış, həm də doğmuş qadınlar istifadə edə bilərlər. Bu həblər gələcək analıq üçün heç bir qorxu yaratmır. Sağlam qadınların dölyaratma qabiliyyəti bu preparatların qəbul edilməsinin dayandırılmasından sonrakı bir neçə ay ərzində bərpa olunur. Həblərin düzgün qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Onların düzgün qəbul edilməməsi bu kontrasepsiyanın effektsizliyinə səbəb olur.

Daxilə qəbul edilməyə başladıqdan sonrakı 1 neçə ay ərzində ürəkbulanma, uşaqlıq yolu ifrazatının dəyişilməsi, yüngül halsızlıq kimi hallar baş verə bilər. Bu orqanizmin yeni hormonal fona uyğunlaşması ilə izah olunur.

Siqaret çəkən qadınlara 35 yaşından sonra bu qəbldən olan preparatlarların qəbul edilməsi məsləhət görülmür. Çünki bu dövrdə onlarda əlavə yanaşı təsirlər ortaya çıxa bilər.

Son zamanlar tətbiq edilməyə başlanan yeni hormonal həblər qadınlar üçün daha təhlükəsiz hesab edilir, kökəlməyə səbəb olmurlar.

Kontrasepsiyanın cərrahi üsulu

Qadın sterilizasiyası

Ümumi narkoz altında uşaqlıq boruları bağlanır. Beləliklə, spermatozoidlər və yumurta hüceyrə biri biri ilə “görüşə” bilmədikləri üçün mayalanma da mümkün olmur.

Bu kontrasepsiya üsulu ancaq tibbi göstəriş olduqda tətbiq edilə bilər. Məsələn, əgər qadın üçün hamiləlik, həmçinin süni abort etmək əks-göstərişdirsə və digər bütün kontrasepsiya üsulları ona uyğun gəlmirsə.

Bu üsulun mənfi tərəfi odur ki, proses dönməzdir və mayalanmanın təbii yolla bərpa edilməsi bir daha mümkün olmur.

Kişi sterilizasiyası (vazektomiya)

Əməliyyat yerli keyləşdirmə ilə 15-20 dəqiqə davam edir (kisi əməliyyat qurtaran kimi evə qayıda bilir). Mürəkkəb olmayan cərrahi əməliyyat vasitəsi ilə kişinin toxumçıxarıcı yolları hər iki tərəfdən kəsilir. Xayalar salamat qalaraq hormon ifraz etməkdə davam edir, kişinin cinsi meylliliyi, ereksiya, orqazm kimi xüsusiyyətləri normal olaraq qalır. Əməliyyatdan bir neçə gün sonra təkrarən həkimə müraciət etmək, spermada spermatozoidlərin olub-olmamasının yoxlanılması üçün laborator müayinədən keçmək lazımdır. Spermanın spermatozoidlərdən azad olunması 3 ayadək çəkə bilər. Buna görə də laborator müayinələr spermada spermatozoidlərin olmadığını təsdiq edənə qədər digər kontrasepsiya üsullarından istifadə etmək məsləhət görülür.

Saglamolun.Az