Azərbaycanlı oftalmoloq: "Xeyirdir, amma xəstə gözün dərmanı deyil"

Uşaqlığımızın dadı, qoxusu, bir də analarımızın heç vaxt unudulmayan qayğı dolu nəsihətləri var. “Ay bala, kök şirəsi çəkmişəm, gəl iç, gözlərinə xeyirdir”, “Qaragilə ye, gözlərin dərmanıdır...” Bu sözləri yəqin ki, çoxumuz eşitmişik. Nəsildən-nəslə ötürülən bu tövsiyələrin arxasında xalq təbabətinin əsrlərdən gələn təcrübəsi dayanır. Bəs ana qayğısı ilə yoğrulmuş bu inancların nə qədəri elmi həqiqətdir? Kök və gilənar həqiqətən görməmizə faydalıdırmı? Bu dəfə uşaqlıqdan yaddaşımıza hopmuş bu suallara elmin gözü ilə baxdıq və cavabları azərbaycanlı cərrah-oftalmoloqdan öyrəndik.

Kompüter və telefon ekranlarına uzun müddət baxmaq gözlərimizə necə təsir edir? Yaş artdıqca hansı göz xəstəliklərinin yaranma riski yüksəlir və görməni qorumaq üçün nələrə diqqət etməliyik?

Bu və digər sualları SAF Hospitalın cərrah-oftalmoloqu Leyda Kazımovaya ünvanladıq. Həkimin göz sağlamlığının qorunması, düzgün qidalanma və göz xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tövsiyələrini təqdim edirik.

 

Kök yemək görmə qabiliyyətini yaxşılaşdırırmı?

Kök beta-karotinlə zəngindir. Orqanizm beta-karotini A vitamininə çevirir. A vitamini tor qişanın normal fəaliyyəti, xüsusilə zəif işıqda görmə üçün vacibdir.

A vitamini çatışmazlığı gecə görməsinin zəifləməsinə və digər göz problemlərinə səbəb ola bilər.

Kökü gündəlik qida rasionunuza daxil etmək, onu çiy, bişmiş və ya salat şəklində qəbul etmək faydalıdır.

Ancaq A vitamini çatışmazlığı olmayan insanda çoxlu kök yemək görmə itiliyini artırmır və eynək ehtiyacını aradan qaldırmır.

 

Qaragilə gözlərin sağlamlığı üçün faydalıdırmı?

Qaragilə antosianinlər və digər antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa kömək edir.

Qaragilə sağlam və balanslı qidalanmanın faydalı hissəsidir. Lakin elmi araşdırmalar qaragilənin miopiyanı, kataraktanı və ya digər göz xəstəliklərini müalicə etdiyini, yaxud görmə qabiliyyətini bərpa etdiyini təsdiqləmir.

Qaragiləni müntəzəm olaraq qida rasionunuza əlavə edin, lakin onu dərman vasitəsi hesab etməyin.

 

Gözlərin sağlamlığı üçün hansı qidaları qəbul etmək lazımdır?

Gündəlik qidalanmada kök və qaragilə ilə yanaşı, ispanaq və brokkoli də zəngin lutein və zeaksantin mənbəyi olduqları üçün faydalıdır.

Balıq və yumurta da zəngin tərkiblərinə görə göz sağlamlığına dəstək verən qidalar sayılır.

Qoz və badam E vitamini və faydalı yağlar mənbəyidir, sitrus meyvələri isə, bildiyiniz kimi, C vitamini ilə zəngindir.

 

Gözlərimizi qorumaq üçün hər gün hansı qaydalara əməl etməliyik?

Mənim pasiyentlərimə tövsiyə etdiyim 10 sağlam göz qaydası var.

İlk olaraq, gecə 7–9 saat yatmaqdır. Gündəlik rasionda tərəvəz və meyvə istehlak etmək vacib şərtdir. Günəşdən və kompüter şüalarından qorunmaq üçün xüsusi eynəklərdən istifadə gözlərin qurumasının qarşısını alır. Siqaret gözlərin düşmənidir, ondan bacardıqca uzaq durun.

Qan şəkərini və arterial təzyiqi mütəmadi olaraq nəzarətdə saxlayın. Həkim məsləhəti olmadan, qonşunuz istifadə edib deyə, diaqnoz qoyulmadan özbaşına göz damcılarından istifadə etməyin. Görmədə qəfil dəyişiklik olduqda vaxt itirmədən həkimə müraciət edin.

Bu qaydalara əməl etmək sizi ahıl yaşlarınıza qədər dünyanın rənglərini və gözəlliklərini olduğu kimi görməyə vəsilə olacaq.

Amma ən vacib məsələ də budur ki, qlaukoma, makula degenerasiyası və katarakta kimi xəstəlikləri vaxtında aşkar etmək üçün müntəzəm müayinələrdən keçmək lazımdır.

Günel İbadova
sağlamolun.az

 

Saglamolun.Az