İnsan böyüsə də, uşaqlıqda yaşadığı hisslər, qorxular və qarşılanmamış ehtiyaclar onun həyatında iz buraxa bilər. Psixologiyada bu vəziyyəti izah etmək üçün “daxili uşaq” anlayışından istifadə olunur. Bəs daxili uşaq nədir və onunla necə işləmək olar?
“Daxili uşaq” insanın uşaqlıq təcrübələrini, xatirələrini, emosiyalarını və ehtiyaclarını özündə birləşdirən psixoloji metaforadır. Bu anlayışa görə, uşaqlıqda yaşanan hadisələr insanın yetkinlik dövründəki düşüncələrinə, münasibətlərinə və davranışlarına təsir göstərə bilər.
Konsepsiyanın ilkin ideyaları isveçrəli psixoloq Karl Qustav Yunqun arxetiplər nəzəriyyəsi ilə əlaqələndirilir. Daha sonra psixoloq Erik Bern insanın üç fərqli eqo vəziyyətindən – valideyn, yetkin və uşaq mövqeyindən çıxış edərək bu yanaşmanı inkişaf etdirib.
DAXİLİ UŞAĞIN YARALANDIĞINI NECƏ ANLAMAQ OLAR?
Mütəxəssislərin fikrincə, uşaqlıqda emosional ehtiyacları qarşılanmayan, hissləri görməzdən gəlinən və ya daim tənqid edilən insanlar yetkinlik dövründə müəyyən çətinliklərlə üzləşə bilərlər.
Bunlara başqalarının sevgisini qazanmaq üçün daim özünü qurban vermək, insanlara güvənməkdə çətinlik çəkmək, yaxın münasibətlərdən qorxmaq, güclü emosiyaları idarə edə bilməmək və daxili boşluq hissi daxildir.
Məsələn, insan qarşı tərəfdən qısa müddət ərzində cavab almadıqda həddindən artıq narahatlıq keçirə, tərk edilmək qorxusu yaşaya bilər. Bəzən isə öz fikrini bildirməkdən, “yox” deməkdən çəkinər. Bu reaksiyaların arxasında uşaqlıq təcrübələri dayana bilər.
KÜSKÜN DAXİLİ UŞAQ İLƏ NECƏ BARIŞAQ?
Psixologiyada bu istiqamətdə bir neçə üsuldan istifadə olunur:
1. Daxili uşağa məktub yazmaq: Uşaqlıqda yaşadığınız hissləri və ehtiyacları yazmaq, özünüzü daha yaxşı anlamağa kömək edə bilər.
2. Vizualizasiya: Özünüzü uşaqlıq yaşınızda təsəvvür edərək həmin vaxt ehtiyac duyduğunuz sevgi, qayğı və təhlükəsizlik hissini canlandırmaq.
3. Meditasiya: Nəfəs məşqləri və meditasiya vasitəsilə emosional gərginliyi azaltmaq.
4. Gündəlik tutmaq: Hissləri, xatirələri və təkrarlanan davranışları yazaraq özünüzü müşahidə etmək.
5. Yaradıcılıqla məşğul olmaq: Rəsm çəkmək, rəqs etmək, mahnı oxumaq və uşaqlıqdan sevdiyiniz məşğuliyyətlərə qayıtmaq.
6. Psixoterapiya: Mütəxəssisin köməyi ilə uşaqlıq təcrübələrini araşdırmaq və onların bugünkü davranışlara təsirini anlamaq.
Mütəxəssislər vurğulayırlar ki, bu proses tədricən aparılmalıdır. Ağrılı xatirələrlə təkbaşına və hazırlıqsız şəkildə üzləşmək əvəzinə, ehtiyac olduqda psixoloq və ya psixoterapevtə müraciət etmək vacibdir.
Daxili uşaqla işləməyin məqsədi keçmişi unutmaq deyil. Əsas məqsəd uşaqlıq təcrübələrini anlamaq, öz ehtiyaclarını tanımaq, sağlam şəxsi sərhədlər qurmaq və bugünkü həyatında daha şüurlu seçimlər edə bilməkdir.
Mənbə: Health Mail
Saglamolun.Az



















