Soyuq havalarda nə yemək daha məqsədəuyğundur?

Havalar soyuduqca bir çox insan daha tez-tez acdığını, yemək istəyinin artdığını və xüsusilə isti, kalorili qidalara üstünlük verdiyini hiss edir. Bu, sadəcə mövsümi vərdiş deyil. Soyuq temperatur orqanizmdə istilik balansını qorumaq üçün bir sıra fizioloji mexanizmləri işə salır.

Bədən temperaturu aşağı düşdükdə beyin hipotalamus vasitəsilə istiliyin qorunması və istehsalını təmin edən reaksiyaları aktivləşdirir. Əzələlərin qeyri-iradi titrəməsi, damarların daralması və qəhvəyi piy toxumasının fəaliyyəti bu mexanizmlərə daxildir. Xüsusilə qəhvəyi piy toxuması enerji sərf edərək istilik yaradır. Bu proses termogenez adlanır.

Orqanizmin enerji ehtiyacı artdıqda qida qəbulu da arta bilər. Nəticədə insan daha çox yemək, xüsusilə də yağlı, karbohidratlı və isti qidalara üstünlük verməyə başlayır. Bununla belə, soyuğun iştahaya təsiri hər kəsdə eyni deyil. Burada hormonal dəyişikliklər, maddələr mübadiləsi və fərdi xüsusiyyətlər də rol oynayır.

ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçılarının iştirak etdiyi və American Journal of Clinical Nutrition jurnalında dərc olunan araşdırmada 47 nəfər könüllü müşahidə edilib. İştirakçılar 24 saat ərzində 19°C temperaturda və normal istilik şəraitində saxlanılaraq qida qəbulları müqayisə edilib.

Nəticələr göstərib ki, soyuq şəraitdə iştirakçılar normal temperaturla müqayisədə orta hesabla 13 faiz, yəni gündə təxminən 411 kilokalori daha çox qida qəbul ediblər. Maraqlıdır ki, bu artım növbəti gün müşahidə edilməyib. Tədqiqat həmçinin qida qəbulunun artmasının yalnız maddələr mübadiləsinin sürətlənməsi ilə izah olunmadığını göstərib.

British Journal of Nutrition jurnalında dərc olunan başqa bir araşdırmada isə 23 sağlam kişi 16°C, 24°C və 32°C temperatur şəraitində müşahidə edilib. Nəticələr soyuğun ümumi qida qəbulunu əhəmiyyətli dərəcədə artırmadığını, lakin isti və yağlı qidalara üstünlüyü gücləndirdiyini göstərib.

Mütəxəssislər isti şorbalar, balıq, tərəvəzlər, paxlalılar və zülalla zəngin qidaları rasiona daxil etməyi tövsiyə edirlər. Xüsusilə tərəvəzli və balıq bulyonunda hazırlanmış şorbalar həm maye qəbulunu təmin edir, həm də balanslı qidalanmağa kömək edir.

Əsas məqam isə budur: soyuq havada artan iştahanı yalnız orqanizmin istilik yaratmaq ehtiyacı ilə əlaqələndirmək olmaz. Qida seçiminə həm fizioloji, həm də davranış və psixoloji amillər təsir göstərir.

Soyuq havada daha çox yemək istəyirsinizsə, bu, bədəninizin istilik və enerji balansını qorumağa verdiyi reaksiyalardan biri ola bilər.

Sağlamolun.az

Saglamolun.Az